Aİ Ermənistanda hibrid təhdidlərə qarşı missiyaya start verib
- 13 iyul, 2026
- 13:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Aİ-nin Ermənistandakı Tərəfdaşlıq Missiyasının (EUPM Armenia) fəaliyyətə başladığını elan edib.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Bu il aprelin 21-də təsis edilmiş missiya kiber təhdidlərə, xarici informasiya müdaxiləsinə və informasiya manipulyasiyasına, eləcə də qeyri-qanuni maliyyə axınlarına qarşı mübarizədə Ermənistana strateji, texniki və ekspert dəstəyi göstərəcək. Bundan əlavə, o, dövlət institutlarının potensialının gücləndirilməsi və idarələrarası koordinasiyaya dəstək verilməsi ilə məşğul olacaq.
Fəaliyyəti çərçivəsində "EUPM Armenia" həmçinin praktiki tövsiyələr verəcək və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün xüsusi layihə qrupu yaradacaq. Bununla belə, missiya icra səlahiyyətlərinə malik olmayacaq və Ermənistan hakimiyyəti tərəfindən qərarların qəbul edilməsində iştirak etməyəcək.
Missiya Ermənistan hökumətinin sorğusu əsasında yaradılıb və Aİ-nin ölkənin milli təhlükəsizliyinin və demokratik institutlarının gücləndirilməsi üzrə uzunmüddətli yanaşmasının bir hissəsi olacaq.
"EUPM Armenia"nın ilkin mandatı iki il müddətinə nəzərdə tutulub. Heyətin əsasını Aİ-yə üzv dövlətlər tərəfindən ezam olunmuş ekspertlər təşkil edəcək. Daha əvvəl Aİ-nin Moldovadakı Tərəfdaşlıq Missiyasına rəhbərlik etmiş Kosmin George Dinesku missiyanın rəhbəri təyin edilib.