Mamataliyev: Qırğızıstan Azərbaycanın investisiyalarında maraqlıdır
- 19 oktyabr, 2026
- 12:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğızıstan Azərbaycan şirkətlərinin energetika, logistika, kənd təsərrüfatı, turizm və digər sahələrdəki investisiya layihələrinə cəlb edilməsində maraqlıdır.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin sədri Marlen Mamataliyev Bişkekdə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə bildirib.
"Qırğızıstan Azərbaycanı qarşılıqlı investisiya əməkdaşlığının inkişafında ən perspektivli tərəfdaşlardan biri kimi görür", - o deyib.
M.Mamataliyev qeyd edib ki, Azərbaycan Qırğızıstan üçün strateji tərəfdaş və qardaş dövlətdir, iki ölkə arasındakı münasibətlər isə ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərə əsaslanır.
O vurğulayıb ki, Prezident İlham Əliyevin bu ilin iyul ayında Qırğızıstana dövlət səfəri ikitərəfli münasibətlərdə mühüm hadisə olub və müvafiq müqavilənin imzalanması sayəsində əməkdaşlığı müttəfiqlik səviyyəsinə çıxarıb.
Mamataliyev həmçinin parlamentlərarası diplomatiyanın inkişafında və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mühüm rolunu qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldığı vaxtdan bəri ümumi məbləği 24 milyon dollardan çox olan 11 investisiya layihəsi təsdiqlənib. Mamataliyev energetika sahəsində iri strateji layihələrin prioritet qaydada maliyyələşdirilməsinin zəruriliyini vurğulayıb.
S.Qafarova isə qeyd edib ki, Azərbaycan və Qırğızıstan arasında 123 sənəd imzalanıb. Onun sözlərinə görə, siyasi dialoqun yüksək səviyyəsi iqtisadi əməkdaşlığın genişləndirilməsi və birgə ticarət layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.
S.Qafarova, həmçinin parlamentlərarası əlaqələrin, o cümlədən müvafiq komitələr və deputatlardan ibarət dostluq qrupları səviyyəsində əməkdaşlığın fəallaşdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan parlamentində müvafiq dostluq qrupuna 35 deputat daxildir.
Tərəflər Qırğızıstan-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsində və parlamentlərarası əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.