Berikaşvili: Azərbaycan-Gürcüstan əməkdaşlığı suverenliyin möhkəmlənməsinə əsaslanmalıdır
- 19 oktyabr, 2026
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq suverenliyin möhkəmləndirilməsinə əsaslanmalıdır.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan Amerika Universitetinin professoru Bakar Berikaşvili Tbilisidə keçirilən "Gürcüstan–Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək" mövzusunda dəyirmi masada deyib.
O, Azərbaycan və Gürcüstan arasında münasibətlərin suverenliyə qarşılıqlı hörmət və diplomatik əməkdaşlığın gücləndirilməsi prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Professor bildirib ki, hazırda dünya siyasi, geosiyasi, mədəni və sosial dəyişikliklər dövrünü yaşayır. Onun fikrincə, "soyuq müharibə"dən sonra formalaşmış liberal universalizmə əsaslanan beynəlxalq nizam böhranla üzləşib və bu proses dövlətlərin suverenliyi məsələsini yenidən gündəmə gətirir.
Bakar Berikaşvili qeyd edib ki, mövcud dəyişikliklər postsovet məkanında dövlətlərin suverenliyini daha da möhkəmləndirməsi üçün imkanlar yaradır. Onun sözlərinə görə, bu məqsədə nail olmaq diplomatiyanın və danışıqlar mədəniyyətinin yeni səviyyəyə yüksəldilməsini də tələb edir.
Professor Azərbaycan-Gürcüstan münasibətlərinin də məhz bu prinsiplərə əsaslanmalı olduğunu bildirib. O vurğulayıb ki, iki ölkə öz suverenliyinə qarşılıqlı hörmət göstərməklə yanaşı, xarici təsirlərin qarşısının alınması və dövlətlərarası diplomatik əlaqələrin gücləndirilməsi istiqamətində əməkdaşlığı davam etdirməlidir.
Berikaşvilinin fikrincə, suverenliyin möhkəmləndirilməsi həm də dövlətlərin legitimliyinin öz xalqına və cəmiyyətinə əsaslanması, eləcə də qarşılıqlı hörmətə söykənən diplomatik münasibətlərin inkişafı ilə bağlıdır.