Prezident Administrasiyasının əməkdaşı: "Həlli uzadılmış münaqişələr bütün region üçün riskdir"

Qarabağ
  • 07 mart, 2016
  • 07:23
Prezident Administrasiyasının əməkdaşı: Həlli uzadılmış münaqişələr bütün region üçün riskdir

Bakı. 7 mart. REPORT.AZ/ "1994-cü ildə NATO ilə Azərbaycan arasında əməkdaşlıqla bağlı saziş imzalanıb və bu gün də əlaqələr və görüşlər davam edir".

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının əməkdaşı Elmar Hüseynov "Varşavada NATO-2016 sammiti: imkanlar və gözləntilər" beynəlxalq konfransında çıxışı zamanı deyib.

Çıxışı zamanı E.Hüseynov, həmçinin Azərbaycan sülhməramlılarının NATO-nun sülhməramlı missiyası çərçivəsində Əfqanıstanda iştirakını xatırladıb.

E.Hüseynov Dağlıq Qarabağ münaqişəsinə xüsusi toxunub. Onun sözlərinə görə, həlli uzadılmış münaqişələr bütün region üçün riskdir: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk Qrupu məşğul olur, amma Azərbaycan suverenliyinə beynəlxalq arenada dəstək çox vacibdir".

Bu ilin iyul ayında Varşavada keçiriləcək NATO sammiti barədə danışan E.Hüseynov Alyansın Azərbaycanın suverenliyiylə bağlı mövqeyini gözlədiyini söyləyib.