Moldovanın səfiri: Qarabağdakı insanların xoşbəxt üzləri burada həqiqətən həyat olduğunu göstərir
- 10 oktyabr, 2026
- 14:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan hökuməti Qarabağın bərpası və sakinlərin regiona qayıtması üçün şəraitin yaradılması istiqamətində fəal iş aparır.
Bu barədə "Report"un Qarabağa ezam olunan əməkdaşına "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçıları tərkibində bölgəyə səfər edən Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko bildirib.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin regionun bərpası istiqamətindəki səyləri artıq nəticəsini verir. O qeyd edib ki, bərpa işləri o cümlədən Xankəndi və Laçında da aparılır, orada sakinlərin qayıtması və gələcək inkişaf üçün şərait yaradılır.
"Biz insanların, məktəbə gedən şagirdlərin xoşbəxt üzlərini görürük. Bu, burada həqiqətən həyatın olmasından xəbər verir. Uşaqların olduğu yerdə isə gələcək var", - o qeyd edib.
Səfir həmçinin məmnunluqla vurğulayıb ki, Azərbaycan yaşayış məntəqələrinin bərpası zamanı müasir texnologiyaları, o cümlədən "yaşıl" energetika sahəsində fəal şəkildə tətbiq edir.
"Biz burada artıq həyata keçirilmiş layihələrə heyranıq və arzu edirik ki, tarixən burada yaşamış mümkün qədər çox sakin öz torpaqlarına qayıtsın", - Yesaulenko deyib.
Diplomat həmçinin, Xocalı soyqırımı memorial kompleksinə ziyarətini şərh edib. Onun sözlərinə görə, həlak olmuş uşaqların, yetkin və yaşlı insanların fotoşəkilləri dərin kədər doğurur və 1992-ci ilin fevral faciəsini xatırladır.
Yesaulenko vurğulayıb ki, bu kimi hadisələrin bir daha heç vaxt təkrarlanmaması üçün Xocalı faciəsini unutmaq olmaz.