Beynəlxalq səyyahlar Horadizdə minatəmizləmə əməliyyatları ilə tanış olublar
- 23 oktyabr, 2025
- 16:00

Səkkiz ölkədən olan beynəlxalq səyyahlar Füzuli rayonunun Horadiz kəndi ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə tanış olublar.
Bu barədə "Report"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, səyyahlara həm də Azərbaycanın üzləşdiyi mina problemi barədə məlumat verilib, eləcə də aşkar edilən mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesi nümayiş olunub.
Xatırladaq ki, "Extreme Travelers International Congress" (ETIC) klubunun səkkiz ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahları avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə iki günlük səyahətə başlayıblar.