Banqladeşli səyyah: Qarabağda bərpa işlərinin tempini və miqyasını görmək xoşdur

Qarabağ
  • 08 oktyabr, 2026
  • 11:40
Banqladeşli səyyah: Qarabağda bərpa işlərinin tempini və miqyasını görmək xoşdur

Azərbaycanın Qarabağ bölgəsinin inkişafını və bərpasını görmək xoşdur.

"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, bunu dünyaşöhrətli MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilər heyətinin tərkibində rayona səfər edən Banqladeşdən olan səyyah Raiq Ridva deyib.

O, bölgəyə səfərinin ilk gününün təəssüratlarını bölüşərək, burada aparılan bərpa işlərinin miqyasını qeyd edib.

Səyyah həmçinin Azıx mağarasına baş çəkdiyini, orada bölgənin tarixi irsi ilə tanış olduğunu bildirib:

"Bölgənin necə inkişaf etdiyini və burada hansı bərpa işlərinin aparıldığını görmək xoşdur. Biz artıq bu yerlərin qədim tarixinə toxunmağa imkan verən Azıx mağarasına baş çəkmişik. Eyni zamanda, bölgənin müasir şəraitdə necə bərpa olunduğunu və inkişaf etdiyini görürük".

R.Ridva qeyd edib ki, səfər çərçivəsində o, həmçinin Hadrutda da olub: "Bura çox gözəl dağlıq rayondur. Gördüklərim məndə dərin təəssürat yaratdı".

Öz növbəsində, filippinli səyyah Con Vinsent Fransisko regiona üçgünlük səfər çərçivəsində səfərdən gözləntiləri barədə danışıb: "Mən Qarabağ haqqında daha çox şey öyrənməyi, regionun müxtəlif rayonları və onların tarixi ilə ətraflı tanış olmağı nəzərdə tuturam. Ekspedisiyadan əsas gözləntilərim bunlardır".

Qeyd edək ki, beynəlxalq səyyahların səfəri dünyaşöhrətli "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin başçılığı ilə həyata keçirilir.

Bu dəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Britaniya və s.) təxminən 40 nəfər daxildir.

Səfər proqramına əsasən, səyyahlar Azərbaycanın qədim tarixini özündə əks etdirən Alban məbədlərini də ziyarət edəcəklər.

Bu cür səfərlər xarici səyyahlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı tikinti və bərpa işləri ilə bilavasitə tanış olmaq imkanı verir.