Avropa İttifaqı Dağlıq Qarabağdakı "seçkilər"i tanımır
- 01 may, 2015
- 10:21
Bakı. 1 may. REPORT.AZ/ Avropa İttifaqı Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağdakı "seçkilər"i tanımır. "Report" xəbər verir ki, bu barədə Aİ-nin bu gün dərc olunan bəyanatında deyilir.
"Mayın 3-də Dağlıq Qarabağda planlaşdırılan "parlament seçkiləri" ilə bağlı məlumatlarla əlaqədar biz bir daha bildiririk ki, Avropa İttifaqı onların konstitusion və hüquqi çərçivədə keçirildiyini tanımır", - bəyanatda deyilir. Qeyd olunub ki, bu prosedurlar Dağlıq Qarabağın yekun statusunu müəyyən edə və ya danışıqlar prosesinə təsir göstərə bilməz.
"Aİ ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin yaranan status-kvo vəziyyətindən çıxması və hərtərəfli sülh danışıqlarının əldə olunması ilə bağlı səylərini qətiyyətlə dəstəkləyir. Aİ münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn səyləri gələcəkdə də dəstəkləməyə hazırdır", - bəyanatda deyilir.