Ankarada "Xocalı qətliamı: Böyük cinayət" adlı panel müzakirələri keçirilib

Qarabağ
  • 24 fevral, 2026
  • 16:05
Ankarada Xocalı qətliamı: Böyük cinayət adlı panel müzakirələri keçirilib

Ankarada Türkiyənin Hacı Bayram Vəli Universitetində (HBVU) Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar "Xocalı qətliamı: Böyük cinayət" adlı panel müzakirələri keçirilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, universitetin prorektoru professor Fulya Bayraktar Ermənistanın təcavüzü zamanı törədilən vəhşiliklərdən danışıb.

O, deyib ki, bu hadisələrə düzgün qiymət veriləcəyinə və cinayətkarların cəzalanacağına inanır:

"Qeyri-insani hərəkətlərin qarşısını almaq üçün ədalət, vicdan və ləyaqət anlayışları beynəlxalq münasibətlər sisteminin əsasını təşkil etməlidir. Dünyanın başqa yerlərində bu cür vəhşiliklərin təkrarlanmaması üçün Xocalı soyqırımı daim xatırlanmalıdır".

Sonra ermənilərin Azərbaycanın Xocalı şəhərinin mülki əhalisinə qarşı törətdiyi vəhşiliklərə həsr olunmuş film nümayiş etdirilib.

"A Haber" televiziyasının Vaşinqton müxbiri İrfan Sapmaz Türkiyədən Xocalı hadisələrinin yeganə şahidi kimi videokonfrans vasitəsilə panelə qatılaraq Xocalı soyqırımı zamanı insanlığa qarşı törədilən vəhşi cinayətlərdən danışıb. O, təəssüflə bildirib ki, ABŞ-də erməni diasporası hələ də aktivdir və buna qarşı türk dünyasının səfərbər olması vacibdir: "Mən buradan bütün dünya türklərinə çağırış edirəm: yalan və xülyalarla yaşayan 3 milyonluq bir topluma qarşı 250 milyon türk birləşməliyik və həqiqətlərimizi dünyaya düzgün şəkildə çatdırmaq üçün bütün cəhdlərimizi işə salmalıyıq".

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib ki, İkinci Dünya müharibəsindən sonra çox insanlar Holokostun təkrarlanacağını gözləmirdi, amma Xocalıda baş verən cinayətlər bunun əksini göstərdi və Azərbaycan illərlə "Xocalıya ədalət" tələbilə dünya ictimaiyyətinə səs saldı:

"Lakin beynəlxalq ictimaiyyətdən lazımi cavabı almadıqda, tarixi ədaləti bərpa etdik, işğal olunmuş torpaqlarımızı geri ala bildik. Bu gün Xocalı soyqırımının səbəblərini xüsusilə elmi baxımdan təhlil etməyə böyük ehtiyac var. Bütün bunlara baxmayaraq biz kompromisə getməyi də bilirik. Bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün, biz barış, sülh astanasındayıq. Amma 30 il işğala, zülmə məruz qalan bir xalqla, hücumçu, təcavüzkarların sülhə baxışı fərqlidir. Biz sülhə tarixi unutmadan, ədaləti bərpa etməklə və elmi araşdırmalarımızla suallarımıza cavab taparaq hazırıq".

Professor Cavid Abdulazadə bildirib ki, Xocalıda baş verən qətliamların cinayət və Azərbaycan türklərinə törədilmiş soyqırımı olmasını sübuta yetirmək üçün beynəlxalq hüququn əsaslarına istinad olunmalı və faktlar ortaya qoyulmalıdır: "Bu sübutlar hüquqi baxımdan əsaslandırılmadığı müddətcə biz Xocalı hadisələrini soyqırımı olaraq sübuta yetirə bilmərik. Odur ki, türk xalqlarına qarşı törədilən vəhşiliklərin, qətliamların sübuta yetirilməsi üçün hüquqşünaslarımızın mütəşəkkiliyinə, təbliğatın düzgün qurulmasına ehtiyac var".

Tədbir çərçivəsində Xocalı soyqırımı mövzusunda fotosərgi də təşkil olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti