"Škoda Group": İctimai nəqliyyatın inkişafında Azərbaycanın strateji tərəfdaşı olmağa hazırıq - müsahibə

Müsahibə
  • 19 oktyabr, 2026
  • 14:35
Škoda Group: İctimai nəqliyyatın inkişafında Azərbaycanın strateji tərəfdaşı olmağa hazırıq - müsahibə

Nəqliyyat infrastrukturunun inkişafı və sərnişindaşımanın keyfiyyətinin artırılması təkcə hərəkət tərkibinin yenilənməsini deyil, həm də ictimai nəqliyyatı daha əlçatan, rahat və enerjiyə qənaət edə biləcək texnologiyaların tətbiqini tələb edir. Dəmir yolu şəbəkəsini müasirləşdirməklə yanaşı, beynəlxalq nəqliyyat marşrutlarında mövqelərini möhkəmləndirən Azərbaycan üçün nəqliyyat texnikasının aparıcı Avropa istehsalçıları ilə əməkdaşlıq xüsusi aktuallıq kəsb edir.

Dəmir yolu texnikası və şəhər nəqliyyatı üçün həllərin istehsalında çoxillik təcrübəyə malik Çexiyanın "Škoda Group" şirkəti Azərbaycanı əməkdaşlığın genişləndirilməsi üçün perspektivli istiqamət kimi nəzərdən keçirir. Şirkət ölkənin şəhər və şəhərətrafı əlaqələrdən dəmir yolu daşımalarına qədər nəqliyyat sistemlərinin müasirləşdirilməsi layihələrində iştirak etmək üçün potensial görür.

Şirkətin Mərkəzi Asiya və Cənubi Qafqazla bağlı satış üzrə vitse-prezidenti Roman Sorkin "Report"a müsahibəsində "Škoda Group"un texnoloji üstünlükləri, Azərbaycanla potensial qarşılıqlı fəaliyyət istiqamətləri və sərnişin nəqliyyatının inkişaf perspektivləri barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- "Škoda Group" Bakıda tramvay hərəkətinin bərpası və ya Azərbaycanın digər böyük şəhərlərində, məsələn, Gəncə və ya Sumqayıtda müasir yüngül relsli nəqliyyat (LRT) xətlərinin çəkilməsi layihələrində iştirak etməyi nəzərdən keçirirmi?

- Azərbaycanla əlaqələri inkişaf etdirir, dayanıqlı şəhər mobilliyi sahəsində ölkənin strateji tərəfdaşı olmağa çalışırıq. Söhbət kütləvi ictimai nəqliyyatın bütün növlərindən, o cümlədən tramvay sistemləri və yüngül relsli nəqliyyatdan gedir.

Bakının, Azərbaycanın işğaldan azad edilmiş əraziləri daxil olmaqla, ölkənin digər şəhərlərinin ehtiyacı olan modernləşdirmə layihələrinin həyata keçirilməsində tərəfdaş kimi çıxış etməyə hazırıq. "Škoda Group" bu kimi məsələləri həll etmək üçün lazımi texnologiyalara malikdir.

- "Škoda Group" "Bakı Metropoliteni" QSC-nin infrastrukturunun xüsusiyyətlərini nəzərə alaraq onun üçün ixtisaslaşdırılmış hərəkət tərkibi və texnoloji həllər təklif etməyə hazırdırmı?

- Bakı metrosunu strateji layihə hesab edirik. "Škoda Group" olaraq özümüzü sovet dövrünün infrastruktur həllərindən istifadə edilməklə inşa edilmiş və xüsusən də Praqa və Bakıda qorunub saxlanılan metropolitenlər üçün qatarların ən təcrübəli Avropa istehsalçılarından biri hesab edirik.

Biz artıq 20 ildən çoxdur ki, bu və oxşar metropoliten sistemləri üçün qatarlar tədarük edirik və bu cür infrastrukturla iş sahəsində əhəmiyyətli təcrübə toplamışıq.

Bizim əsas üstünlüyümüz qabaqcıl Avropa texnologiyalarının Bakı metrosunun mövcud infrastrukturuna inteqrasiya imkanı ilə vəhdət təşkil etməsidir. Bu, "Škoda Group"u sözügedən layihə üçün xüsusi və rəqabətədavamlı potensial təchizatçıya çevirir.

- "Škoda Group" Bakı-Sumqayıt, Bakı-Gəncə və digər istiqamətlərdəki marşrutlar üçün regional və şəhərətrafı elektrik qatarları (birmərtəbəli və ya ikimərtəbəli) seqmentində hansı həllər təklif edə bilər?

- Rəqabət üstünlüklərimizdən biri 1 520 mm-lik rels izinə malik bazarlar üçün dəmir yolu texnikasının istehsalında çoxillik təcrübəmizdir. Tarixən "Škoda" Sovet İttifaqının əsas magistrallarında dəmir yolu nəqliyyatı ilə sərnişin daşımalarının təmin edilməsində mühüm rol oynayıb. Altmış ildən çox müddət ərzində şirkət 70 mindən çox texnika tədarük edib. Bu təcrübə bizə infrastrukturun, o cümlədən Azərbaycanda istifadə olunan infrastrukturun xüsusiyyətlərini dərindən anlamağa imkan verir.

Son on il ərzində biz artıq Baltikyanı ölkələrdə - Latviya və Estoniyada istismar olunan müasir regional qatar hazırlamışıq. Biz bu bazarlara ümumilikdə 60-a yaxın qatar tədarük etmişik və ya edirik. Bundan başqa, bu yaxınlarda Özbəkistanla daha 10 dəmiryol hərəkət tərkibinin tədarükü haqqında müqavilə imzalamışıq.

Bu qatarın mühüm xüsusiyyəti onun Azərbaycanda və bir sıra digər ölkələrdə istifadə olunan 1 520 mm-lik enli rels izi ilə tam uyğun olmasındadır. Bununla yanaşı, qatar daşımaların rahatlığı, keyfiyyəti və səmərəliliyi üzrə müasir Avropa tələblərinə cavab verir.

Qatar geniş salonu, aşağı giriş səviyyəsi və yüksək enerji səmərəliliyi ilə seçilir. Bu, sadəcə dəmiryol hərəkət tərkibinin yenilənməsi deyil: belə bir həll stansiyaların genişmiqyaslı şəkildə yenidən qurulmasına və əlavə tikinti işlərinə ehtiyac olmadan, dəmir yolu daşımalarını geniş sərnişin kütləsi, o cümlədən məhdud hərəkət qabiliyyətli insanlar üçün daha əlçatan etməyə imkan verir.

Baltikyanı ölkələrin təcrübəsi göstərir ki, qatarların rahatlıq və əlçatanlıq səviyyəsinin artırılması sərnişin axınının təbii artımına səbəb ola bilər. Biz eyni effekti Özbəkistanda, gələcəkdə isə Azərbaycanda da görəcəyimizə ümid edirik.

– Şirkət Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri boyunca yük və sərnişin daşımalarının inkişafı üçün lokomotivlər və dartıcı avadanlıqlar tədarük etməkdə maraqlıdırmı?

- "Škoda Group" ilk dövrlərdən etibarən Avropa İttifaqının "Global Gateway" təşəbbüsündə fəal iştirak edir və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafını izləyir.

Biz elektrik lokomotivlərinin və digər elektriklə işləyən dartıcı avadanlıqların istehsalı sahəsində böyük təcrübəyə malikik. Buna görə də bu nəqliyyat marşrutlarının inkişafı ilə bağlı layihələrdə iştirak etməyə hazırıq və Azərbaycana bizi etibarlı texnoloji tərəfdaş kimi nəzərdən keçirməyi təklif edirik.

44 filmi