Səməd Bəşirli: "Son 4 ildə Azərbaycanda qeyri-neft sənayesi 1,5 dəfə artıb"
- 28 oktyabr, 2026
- 10:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda 2021-2025-ci illərdə qeyri-neft sənayesi 1,5 dəfə artıb.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.
Onun sözlərinə görə, qeyri-neft ixracı da artıb: "Qeyri-neft sənayesində artım enerjiyə olan tələbatı artırır və bu, karbon emissiyası, ətraf mühit kimi məsələləri daha da aktuallaşdırır. Enerji tələbinin artması ilə yanaşı, biz daha çox alternativ və bərpa olunan enerji mənbələrindən istifadə etməyi düşünürük. Bunun üçün Azərbaycan bir neçə meqa regional layihəyə start verib. Bunlar Xəzər-Qara dəniz-Avropa və Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji koridorlarıdır. Dayanıqlı inkişaf məqsədlərinin əsas sütunlarından birini təşkil edən təmiz enerji ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir".
S. Bəşirli qeyd edib ki, bu dövrlərdə cəlb olunan investisiyalar və imzalanmış müqavilələrin dəyəri artıq 8 giqavatı ötüb: "Azərbaycan "yaşıl enerji"nin dəstəklənməsi üçün investisiya təşviqi mexanizmini təqdim edir. Lakin investisiya təşviqi mexanizmi bərpa olunan enerji üçün vergi və gömrük güzəştləri təqdim edir".
Nazir müavini əlavə edib ki, bundan başqa, "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC kreditləşmə fəaliyyətində "yaşıl kreditlər" təqdim etməyə başlayıb: "Dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılan layihələrdə bərpa olunan enerji və "yaşıl enerji" prosesinin dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir. Bir də sənayenin dekarbonizasiyası yalnız enerji mənbələri ilə deyil, mövcud resursların daha səmərəli və ekoloji təmiz istifadəsi ilə bağlıdır".