Milli Məclisdə Ombudsmanın məruzəsi müzakirə edilib: "Səbinə Əliyeva nadir məmurlardandır ki, ictimaiyyətə açıqdır" - YENİLƏNİB-2

Milli Məclis
  • 03 mart, 2023
  • 11:35
Milli Məclisdə Ombudsmanın məruzəsi müzakirə edilib: Səbinə Əliyeva nadir məmurlardandır ki, ictimaiyyətə açıqdır - YENİLƏNİB-2

"Ombudsman Səbinə Əliyeva bəlkə də nadir məmurlardandır ki, hər zaman ictimaiyyətə və əməkdaşlığa açıqdır".

"Report" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, Səbinə Əliyeva dəfələrlə Milli Məclisin müxtəlif iclaslarında iştirak edib:

"Biz hüquqi dövlətdə yaşayırıq. Ombudsmanın fəaliyyəti Konstitusiya qanunu ilə tənzimlənir. Konstitusiya qanunun 14-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Ombudsman öz illik mərzuəsini ölkə Prezidentinə təqdim edir və Milli Məclisin qarşısında çıxış edir. Belə bir hüquq deputatlarımıza da tanınır".

"Martın 7-də Səbinə xanım Milli Məclisin plenar iclasında çıxış edən zaman istənilən sualınızı, fikirlərinizi bildirə bilərsiniz. O baxımdan, bunu Səbinə xanımın sizə qarşı hər hansı hörmətsizliyi kimi başa düşməyin. Bu, konstitusion qanununun qoyduğu tələbdir. Qanunda konkret olaraq belə bir öhdəlik müəyyənləşməyib ki, ombudsman komitə iclaslarına gəlib məruzəni təqdim etməlidir. Məruzə plenar iclasda təqdim edilir" -, A.Səfixanlı deyib.

Qeyd edək ki, müzakirələrdən sonra Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

14:45

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi” üzrə müzakirələr davam edir.

"Report"un məlumatına görə, məruzənin müzakirəsi zamanı çıxış edən deputat Jalə Əhmədova Ombudsman Səbinə Əliyevanın komitə iclaslarında iştirak etməməsinə diqqət çəkib.

"Səbinə xanımın bizə verəcəyi cavablarla Aydın müəllimin (Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı - red.) verəcəyi cavablar başqadır. Deputat olaraq mənə maraqlıdır ki, nə üçün Səbinə xanım bizim iclaslarda iştirak etmir".

İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc da Ombudsman Səbinə Əliyevanın komitənin iclasında iştirak etməsi ilə bağlı təklifi dəstəkləyib. Komitə sədrinin sözlərinə görə, Səbinə Əliyevanın iclaslarda, belə görüşlərdə iştirakı yalnız fayda verə bilər:

"Daha sistemli müzakirələr apara bilərik".

14:00

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsi Milli Məclisə daxil olub.

"Report"un xəbərinə görə, sənəd parlamentin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənədin qanunverici orqanın plenar iclasına tövsiyə olunması nəzərdə tutulub.

44 - Tezliklə