Komitə sədri: Tibb sahəsində bir çox ixtisaslar üzrə ciddi pozuntular müşahidə olunur

Milli Məclis
  • 25 aprel, 2025
  • 12:08
Komitə sədri: Tibb sahəsində bir çox ixtisaslar üzrə ciddi pozuntular müşahidə olunur

Tibb sahəsində bir çox ixtisaslar üzrə ciddi pozuntular müşahidə olunur, nöqsanlar xüsusilə də plastik cərrahiyyə sahəsində qeydə alınır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, tibb müəssisələri geniş imkanlara və müasir standartlara cavab versə də, müasir tələbləri qarşılamayan mütəxəssis yoxdursa, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsindən danışmaq olmaz: 

"Plastik cərrahiyyə sahəsində mütəxəssis olmayan, hətta həkimlik diplomu olmayan şəxslərin fəaliyyəti insanların haqlı narazılıqlarına səbəb oldu. Çünki qeyri-peşəkar işin nəticəsində ağırlaşmalar, hətta ölüm hallarına da rast gəlinir. Aidiyyəti qurumlar bu istiqamətdə uğurlu addımlar atdı. Bu sahədə monitorinqlərin keçirilməsi nəticəsində operativ qaydada qabaqlayıcı tədbirlər  görüldü və yalnız mütəxəsisslərin bu fəaliyyətlə məşğul olmasına icazə verildi. Bununla da plastik cərrahiyyə ilə yalnız mütəxəssislər məşğul ola biləcəklər. İcazəsi olmayanlar isə bu fəaliyyətdən uzaqlaşdırılacaq”. 

Qeyd edək ki, Səhiyyə Nazirliyində yaradılmış Xüsusi Təftiş Komissiyasının açıqladığı siyahıya əsasən Azərbaycanda 42 həkim-mütəxəssisin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilib.