Azərbaycanlı jurnalistlər "Silk Road Samarkand"ı ziyarət ediblər

Media
  • 20 avqust, 2026
  • 12:24
Azərbaycanlı jurnalistlər Silk Road Samarkandı ziyarət ediblər

Azərbaycanlı jurnalistlər Özbəkistana təşkil olunan mediatur çərçivəsində "Silk Road Samarkand" beynəlxalq turizm mərkəzini ziyarət ediblər.

"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, jurnalistlərə əcnəbi turistlərin qəbulu, beynəlxalq forumların, işgüzar tədbirlərin keçirilməsi və tədbir turizminin inkişafı üçün yaradılmış Özbəkistanın ən böyük turizm layihələrindən biri təqdim olunub.

Mərkəzin ərazisində hotellər, konqres mərkəzi, istirahət və əyləncə obyektləri, eləcə də digər turizm məkanları yerləşir.

Mediatur iştirakçıları həmçinin mərkəzin müxtəlif tədbirlərin keçirilməsi və qonaqlar üçün mədəni proqramların təşkili imkanları ilə tanış olublar. Burada turistlərə Özbəkistanın ənənəvi sənətkarlıq növləri və mədəniyyəti ilə tanış olmağa imkan verən ustad dərsləri keçirilir.

Belə məkanlardan biri ənənəvi Səmərqənd kağızının istehsalı emalatxanasıdır. Jurnalistlərə onun hazırlanma prosesi nümayiş etdirilib, eləcə də regionda qorunub saxlanılan bu sənətin tarixi və ənənələri barədə məlumat verilib.