Səfir: İtaliya Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığı aktivləşdirəcək
- 30 aprel, 2025
- 12:49
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığı aktivləşdirməyi planlaşdırır, bura təhsil təşəbbüsləri, sərgilər, italyan mədəniyyəti və turizminin təşviqinə yönəlmiş tədbirlər daxildir.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko “Agenzia Nova” nəşrinə müsahibəsində bildirib.
O vurğulayıb ki, mədəniyyət Romanın xarici siyasətində mühüm yer tutur: “Mədəni irs keçmişlə gələcək arasında körpü rolunu oynayır. Bunu nəzərə alaraq, biz Azərbaycanda yeni mədəni təşəbbüslərin təşkilinə və İtaliyada turizmin təşviqinə sərmayə qoymağa davam edəcəyik. Bu il ilk dəfə Bakıda ADA Universitetində keçirilən İtalyan Dizayn Günü italyan dizaynının, “Made in Italy” və sənaye nou-hausunun üstünlüyünü nümayiş etdirib”.
Səfir bildirib ki, İtaliya diplomatik nümayəndəliyi 2026-cı ildə Milan və Kortina-d'Ampetsoda keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunlarına həsr olunmuş tədbirləri Bakıda təşkil etməyi planlaşdırır.
"Neapolun əsasının qoyulmasının 2500 illiyi və Bakı ilə tarixi qardaşlaşmasına həsr olunmuş mühüm layihə üzərində işləyirik. Professor Nikola Lanerinin (Kataniya Universiteti) rəhbərliyi altında italyan arxeoloji missiyasının Tavatepe (Ağstafa rayonunda son tunc dövrü yaşayış məntəqəsi) tapıntılarının sərgisinin təşkili, İtaliya idman günü, həmçinin tanınmış şef-aşpazın iştirakı ilə İtaliya mətbəxi həftəsinin keçirilməsi də nəzərdə tutulub. Bundan əlavə, İtaliya Bakı kitab sərgisində və öz mədəniyyəti və dilinin təşviqi üzrə digər təşəbbüslərdə iştirak edəcək", - deyə İtaliyanın ölkəmizdəki diplomatik missiyasının rəhbəri qeyd edib.