Kitab rəfindən rəqəmsal dünyaya: müasir kitabxana necə olmalıdır? - RƏY

Mədəniyyət siyasəti
  • 14 avqust, 2026
  • 09:41
Kitab rəfindən rəqəmsal dünyaya: müasir kitabxana necə olmalıdır? - RƏY

Texnologiyanın sürətli inkişafı, informasiya resurslarının çoxalması və biliyə çıxış imkanlarının genişlənməsi kitabxanaların qarşısında yeni vəzifələr qoyur.

Bu fikirləri "Report"a açıqlamasında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının baş kitabxanaçısı Lamiyə Əliyeva deyib.

Mütəxəssis qeyd edib ki, kitabxana haqqında düşünəndə hələ də təsəvvürdə sakit zal, bir-birinin ardınca düzülmüş kitab rəfləri və kitab axtaran oxucular canlanır:

"Kitabxanaçı isə əsasən oxucunun sorğusuna uyğun kitabı taparaq ona təqdim edən şəxs kimi düşünülür. Bu təsəvvür Azərbaycan kitabxana mühitində hələ də kifayət qədər geniş yayılıb və müəyyən mənada kitabxananın ənənəvi fəaliyyətini əks etdirir. Lakin zaman dəyişir. Texnologiyanın sürətli inkişafı, informasiya resurslarının çoxalması və biliyə çıxış imkanlarının genişlənməsi kitabxanaların qarşısında yeni vəzifələr qoyur. Artıq kitabxananın fəaliyyətini yalnız kitab fondu, oxu zalı və kitab verilişi ilə məhdudlaşdırmaq mümkün deyil.

Lamiyə Əliyeva
Bu gün kitabxanaların qarşısında duran əsas məsələ yalnız rəqəmsal imkanları genişləndirmək deyil. Daha mühüm vəzifə müasir insanın informasiya ehtiyacını operativ, əlçatan və keyfiyyətli şəkildə ödəmək, onu etibarlı biliyə yönəltməkdir. Bu baxımdan rəqəmsal texnologiyalar kitabxana işinin informasiya və xidmət imkanlarını genişləndirən mühüm vasitədir".

L.Əliyeva müasir kitabxananın, ilk növbədə, oxucunun informasiya tələbatını nəzərə alan yer olduğuna diqqət çəkib:

"Burada ənənəvi kitab öz əhəmiyyətini itirmir, əksinə, elektron resurslarla paralel şəkildə fəaliyyət göstərir. Kağız kitab və elektron kitab bir-birinə rəqib deyil. Onlar müasir kitabxananın müxtəlif informasiya imkanlarını tamamlayan iki mühüm vasitədir.

Müasir kitabxana eyni zamanda informasiya, ünsiyyət, təhsil, mədəniyyət və intellektual fəaliyyət məkanıdır. Oxucu kitabxanadan yalnız kitab əldə etmək üçün deyil, informasiya axtarışı, elmi resurslara çıxış, elektron xidmətlərdən istifadə, mütaliə, tədqiqat, təhsil və müxtəlif mədəni-intellektual fəaliyyətlərdə iştirak məqsədilə yararlana bilər. Bu baxımdan kitabxananın müasirliyi yalnız texniki imkanlarının səviyyəsi ilə deyil, istifadəçiyə yaratdığı imkanların genişliyi ilə müəyyən edilir. Məsələn, kitabxanada ən son texnologiyaların mövcudluğu hələ onun tam mənada müasir olduğunu göstərmir. Əgər oxucu həmin texnologiyalardan necə istifadə edəcəyini bilmirsə və kitabxana əməkdaşı ona bu istiqamətdə yardım göstərə bilmirsə, texniki imkan özlüyündə gözlənilən nəticəni verməyə bilər. Deməli, müasir kitabxananın əsas prinsiplərindən biri texnologiya ilə insan amilinin vəhdətidir".

O bildirib ki, rəqəmsallaşma kitabxananın sonu demək deyil.

"Bəzən rəqəmsal texnologiyaların sürətli inkişafı ənənəvi kitabxananın əhəmiyyətinin tədricən azalacağı barədə təsəvvür yaradır. Əgər müasir insan internet vasitəsilə saniyələr ərzində istənilən məlumata çıxış əldə edə bilirsə, bu halda kitabxananın rolu nədən ibarətdir? Əslində isə məsələ informasiyanın mövcudluğunda deyil, doğru informasiyanın seçilməsindədir. İnternetdə saysız-hesabsız məlumatların olması onların hamısının etibarlı olması demək deyil. Müasir insanın qarşısında informasiya çatışmazlığından daha çox informasiya bolluğu problemi dayanır. Məlumatın çoxluğu isə bəzən doğru mənbəni seçməyi daha da çətinləşdirir. Məhz belə bir şəraitdə kitabxananın və kitabxanaçının rolu daha da əhəmiyyətli olur. Kitabxana oxucuya yalnız informasiya təqdim etməməli, lazım gəldikdə onun düzgün və etibarlı informasiya mənbəyini seçməsinə də kömək etməlidir. Bu baxımdan müasir kitabxanaçı artıq yalnız fondla işləyən mütəxəssis deyil. O, müəyyən mənada informasiya bələdçisidir".

Baş mütəxəssis müasir kitabxanaçı anlayışına da toxunub:

"Kitabxananın dəyişməsi, təbii olaraq, kitabxanaçının fəaliyyətinə də yeni tələblər gətirir. Müasir kitabxanaçı ənənəvi peşə bilikləri ilə yanaşı, rəqəmsal bacarıqlara da sahib olmalıdır. Elektron kataloqdan istifadə, məlumat bazalarında axtarış, rəqəmsal resurslarla işləmək, elektron sənədlərin idarə olunması və informasiya texnologiyalarından səmərəli istifadə artıq kitabxana fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Lakin bütün bunlarla yanaşı, mühüm bir məqamı da unutmaq olmaz: kitabxananın texniki imkanları nə qədər çox inkişaf etsə də, texnologiya oxucu ilə ünsiyyəti tamamilə əvəz edə bilməz.

İstifadəçi bəzən axtardığı kitabın adını, hansı mənbədən başlamalı olduğunu və ona lazım olan məlumatın hansı formada təqdim olunacağını bilmir. Belə vəziyyətlərdə kitabxanaçının peşəkar yanaşması xüsusi əhəmiyyət daşıyır. Ona görə də müasir kitabxanaçı həm kitabı, həm informasiya resurslarını, həm də istifadəçini tanıyan mütəxəssis olmalıdır. Əslində, kitabxanaçının gələcəkdəki əsas missiyalarından biri də məhz budur: informasiya bolluğu şəraitində istifadəçiyə doğru yolu göstərmək".

L.Əliyeva həmçinin müasir kitabxanaya verilən standartlar barədə də danışıb:

"Müasir kitabxananın fəaliyyəti yalnız texnologiya ilə ölçülmür. Burada peşəkar, texniki, informasiya və xidmət standartlarının bütöv şəkildə nəzərə alınması vacibdir. İlk növbədə kitabxananın informasiya resurslarının düzgün təşkili mühüm əhəmiyyət daşıyır. Fondun uçotu, kataloqlaşdırılması, biblioqrafik təsvirlərin hazırlanması, təsnifat və elektron kataloqun təşkili kitabxananın informasiya sisteminin əsasını təşkil edir.

Elektron kataloq müasir kitabxananın ən mühüm vasitələrindən biridir. Oxucu kitabxanaya gəlməzdən əvvəl belə kitabxananın fonduna nəzər sala, axtardığı nəşrin mövcudluğu haqqında məlumat əldə edə bilər. Bu isə həm oxucu üçün rahatlıq yaradır, həm də kitabxana xidmətlərinin çevikliyini artırır. Bununla yanaşı, rəqəmsallaşdırma da müasir kitabxananın əsas istiqamətlərindən biridir. Xüsusilə nadir, qiymətli və istifadəsi məhdud olan materialların rəqəmsal nüsxələrinin yaradılması onların qorunmasına və daha geniş istifadə imkanlarının formalaşmasına şərait yaradır. Lakin rəqəmsallaşdırma yalnız kitabın skan edilməsi ilə məhdudlaşmamalıdır. Rəqəmsal resursun düzgün təsviri, sistemləşdirilməsi, axtarış imkanlarının yaradılması və uzunmüddətli qorunması da nəzərə alınmalıdır. Əks halda yaradılan rəqəmsal resurs geniş informasiya məkanında öz funksiyasını tam yerinə yetirə bilməz".

Yekunda mütəxəssis kitabxananın gələcəyinin yalnız elektron kitabların sayının artırılmasından ibarət olmadığını da əlavə edib:

"Gələcəyin kitabxanasında ənənəvi kitab, rəqəmsal resurs, müasir texnologiya və insan ünsiyyəti birlikdə mövcud olacaq. Kitabxananın əsas üstünlüyü isə dəyişməyən bir xüsusiyyətə malikdir: etibarlı biliyə çıxış imkanı yaratmaq.

Unutmayaq ki, gələcəyin kitabxanası texnologiya ilə ənənənin, rəqəmsal resurslarla ənənəvi kitabın, peşəkar biliklə insan amilinin vəhdətindən formalaşacaqdır. Onun müasirliyini müəyyən edən əsas meyar isə yalnız texniki imkanları deyil, istifadəçiyə yaratdığı real dəyər, informasiyaya çıxışı asanlaşdırmaq və biliyə aparan yolu qısaltmaq bacarığı olacaqdır. Bu gələcəyin formalaşdırılması isə kitabxana-informasiya mühitinin hər bir iştirakçısının peşəkar məsuliyyəti, təşəbbüsü və birgə səyi ilə mümkündür".

44 - Tezliklə