Fransada Azərbaycanın qədim və müasir İpək Yolunda rolu müzakirə olunub

Mədəniyyət siyasəti
  • 05 noyabr, 2025
  • 14:04
Fransada Azərbaycanın qədim və müasir İpək Yolunda rolu müzakirə olunub

Fransada Saint-Quentin Vallée de Chevreuse şəhərində "İpək Yolunda Azərbaycanın rolu" mövzusunda keçirilən tədbirdə Azərbaycanın qədim və müasir İpək Yolundakı rolundan bəhs edilib.

"Report"un yerli bürosu xəbər verir ki, Rotary Club Epicure təşkilatında "İncəsənət və şərab" xeyriyyə gecəsi çərçivəsində keçirilən tədbirdə çıxış edən Azərbaycan Dostları Assosiasiyasının Baş Katibi Mirvari Fətəliyeva Azərbaycanın qədim və müasir İpək Yolundakı rolundan danışıb.

O, Azərbaycanın coğrafi mövqeyinin ölkəni tarixən Asiya ilə Avropa arasında təbii körpüyə çevirdiyini qeyd edib. Qədim dövrlərdə Bakı, Gəncə, Naxçıvan və Şəki kimi şəhərlərin mühüm karvansaray mərkəzləri olduğunu, bu şəhərlərin ticarət, mədəniyyət və elmin inkişafında böyük rol oynadığı vurğulanıb. Müasir dövrdə Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt limanı kimi layihələrin Azərbaycanın strateji rolunu daha da gücləndirdiyi qeyd edilib.

Tədbirin mədəni hissəsində Azərbaycan şərablarının dequstasiyası keçirilib. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycan mətbəxinə həsr olunmuş kitab xeyriyyə məqsədilə hərraca çıxarılıb və əldə olunan gəlir klubun sosial layihələrinə yönəldilib.

Sonda Rotary Club Epicure klubunun prezidenti Enoh Daqba Azərbaycanın zəngin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında məlumatların paylaşılmasının tədbir iştirakçıları üçün çox dəyərli olduğunu qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti