"Azərbaycan" qəzetində Qərbi Azərbaycan mövzusu" adlı kitabın təqdimatı  olub

Mədəniyyət siyasəti
  • 03 oktyabr, 2025
  • 16:39
Azərbaycan qəzetində Qərbi Azərbaycan mövzusu adlı kitabın təqdimatı  olub

"Azərbaycan" qəzetində Qərbi Azərbaycan mövzusu" (sentyabr 1918 - oktyabr 1919) adlı kitabın təqdimatı olub.

"Report" xəbər verir ki, kitab ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə çap edilib.

Təqdimatda Milli Məclisin deputatı və Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun sədri Əziz Ələkbərli çıxış edərək bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra onun fəaliyyətinin işıqlandırılması üçün mətbu orqana ciddi ehtiyac var idi:

"Bu missiyanı ilk olaraq "Azərbaycan" qəzeti öz üzərinə götürdü. Qəzetdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası, Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törədilən kütləvi qırğınlar, Ermənistan Respublikası ərazisində yaşayan azərbaycanlıların kütləvi surətdə məhv edilməsi və tarixi torpaqlarından silah gücünə qovulması haqqında çoxlu məlumatlar işıq üzü görürdü. Bugünkü kitabda da bütün o məlumatların toplusu öz əksini tapır".

Nəşrin müəllifi Azad Ağaoğlu isə vurğulayıb ki, 1918-1920-ci illərdə Azərbaycan və rus dillərində nəşr edilən "Azərbaycan" qəzetini Cümhuriyyət dövrünün salnaməsi hesab etmək olar.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də kitabın nəşrini çox uğurlu hesab etdiyini qeyd edib:

"Hazırda ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə 1918-1920-ci illərdə nəşr edilmiş "Azərbaycan" qəzetinin Azərbaycan dilində nüsxələrinin tam külliyyatı Türkiyədə yaşayan soydaşlarımız Mehdi Gəncəli və Azad Ağaoğlunun ərəb qrafikalı əlifbadan kiril qrafikalı müasir Azərbaycan əlifbasına transliterasiyası ilə 20 cilddə kitab şəklində çap edilir".

Son xəbərlər

Bütün Xəbər Lenti