Vüsal Qasımlı: "InsurTech TDT-nin iqtisadi münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşdırır"
- 28 oktyabr, 2025
- 12:09
Hazırda dünyada sığorta texnologiyaları (InsurTech) bazarının həcmi təxminən 35 milyard ABŞ dolları təşkil edir.
"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) sədri Vüsal Qasımlı "Türk Dövlətləri InsurTech Sammiti 2025"də deyib.
Onun sözlərinə görə, yaxın illərdə bu bazarın dinamik inkişafı gözlənilir və 2034-cü ilə qədər InsurTech sektorunun həcminin 610 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır:
"Görüldüyü kimi, proses çox böyük sürətlə gedir. Bizim vaxtımız azdır. Əgər yeniliklərə vaxtında adaptasiya ola bilməsək, rəqabəti uduzmaq kimi riskimiz var. Xüsusən də qeyd etmək istəyirəm ki, bu gün artıq böyük verilənlər (Big Data) bazasının yaradılması və risklərin qiymətləndirilməsinin daha yüksək mərhələyə keçməsi sığortanın mahiyyətini köklü şəkildə dəyişir", - V. Qasımlı bildirib.
O vurğulayıb ki, Big Data, süni intellekt və rəqəmsal platformalar sığorta sektorunda risklərin qiymətləndirilməsini, məhsulların fərdiləşdirilməsini və xidmətlərin operativliyini tamamilə yeni səviyyəyə qaldırır.
"Artıq biz riskləri retrospektiv deyil, proqnozlaşdırıcı modellərlə dəyərləndiririk. Bu, həm sığorta şirkətlərinin dayanıqlığını artırır, həm də müştərilərə daha dəqiq qiymət təklif etməyə imkan verir", - deyə o qeyd edib.
V. Qasımlı həmçinin bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) rəhbərliyi altında türk dünyasında iqtisadi və institusional inteqrasiya prosesi sürətlə gedir:
"Çox sevindirici haldır ki, artıq bu inteqrasiyanın tərkib hissəsi kimi biz sığorta elementini də görürük. Türk dövlətləri arasında InsurTech sahəsində əməkdaşlığın genişlənməsi ümumi rəqəmsal transformasiyanın bir hissəsidir. Bu, türk ölkələrinin iqtisadi münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşdırır", - İİTKM-nin sədri vurğulayıb.