“Viator Mikrokredit Azərbaycan” BOKT-un xalis mənfəəti 29 %-ə yaxın artıb
- 06 may, 2025
- 17:45
Yeniliklərdən dərhal xəbərdar olun!
“Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 763 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 28,5 % çoxdur.
Ötən il “Viator Mikrokredit Azərbaycan”ın vergiyəqədərki mənfəəti 863 min manat (əvvəlki ilə nisbətən 31,6 % çox), mənfəət vergisi ödəmələri isə 100 min manat (58,7 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Viator Mikrokredit Azərbaycan”ın aktivləri 8,311 milyon manat olub ki, bu da illik müqayisədə 5,3 % azdır. Bunun 7,775 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 4,2 % kiçilib.
Hesabat dövründə “Viator Mikrokredit Azərbaycan”ın öhdəlikləri 33,4 % azalaraq 2,446 milyon manata düşüb, balans kapitalı isə 15 % artaraq 5,866 milyon manata çatıb.
Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır.