Uğur İbrahimli: "Sığorta sektoru bu gün etibar çatışmazlığı ilə üzləşir"
- 24 iyun, 2026
- 17:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan sığorta sektoru bu gün etibar çatışmazlığı və daha geniş mənada maliyyə məlumatlılığının azlığı ilə üzləşir.
"Report" xəbər verir ki, bunu "Meqa Sığorta" ASC-nin İdarə Heyətinin sədri Uğur İbrahimli XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, əhalinin böyük hissəsi sığortanın faydalarını həqiqətən başa düşmür: "Buna baxmayaraq, bazarımız hər il orta hesabla 15 % artım nümayiş etdirir. Son beş ilə nəzər salsaq, həyat sığortası ildə təxminən 19 % qeyri-həyat sığortası isə 14 % artıb. Hətta avtomobil sığortası və avtomobil kasko sığortası kimi çox sadə məhsullarda belə əhəmiyyətli müdafiə boşluğu mövcuddur. Məsələn, avtomobil parkının sığorta əhatəsi 10 %-dən azdır. Bu, böyük artım potensialını göstərir".
U.İbrahimli qeyd edib ki, sığorta şirkətləri gəlirliliyi və maliyyə sabitliyini qurban verməmək üçün atmalı olduğu ilk addım texnoloji innovasiyadır: "Bura proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırma daxildir. Bu, şirkətin müştəri cəlb etmə və xidmət göstərmə xərclərini əhəmiyyətli dərəcədə azaldır. İkinci əsas aspekt portfelin şaxələndirilməsidir. Şirkətlər yalnız bir sığorta məhsuluna, məsələn, tibbi sığortaya və ya icbari avtomobil mülki məsuliyyət sığortasına arxalanmamalı, təkliflərini şaxələndirməlidirlər. Digər əsas problem anderraytinq intizamıdır. Bu zaman şirkətlər etinasız anderraytinqdən qaçınmalıdır. Məqsəd daha çox deyil, keyfiyyətli iş yazmaq olmalıdır".
O vurğulayıb ki, müştəri yönümlü yanaşma mühüm əhəmiyyət daşıyır: "Məlum olduğu kimi, yeni müştəri cəlb etmək mövcud müştərini saxlamaqdan daha bahalıdır, buna görə də yeniləmə nisbəti yüksək olmalıdır. Əgər şirkətlər diversifikasiya, avtomatlaşdırma, rəqəmsallaşdırma və müştəri yönümlülükdə uğur qazansalar, gəlirliliklərini əldə edəcək və qoruyacaqlar".