Şahmar Mövsümov: "ARDNF-ə daxil olan vəsaitin təxminən 75%-i infrastruktur layihələrinə yönəldilib"
- 07 sentyabr, 2017
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaradılandan daxil olan vəsaitin təxminən 75%-i infrastruktur layihələrinə yönəldilib.
“Report” xəbər verir ki, bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində bildirib.
O, xatıladıb ki, ARDNF 1999-cu ildə yaradılıb və Fondun əsas gəlir mənbəyi dövlətin payına düşən neft-qaz satışından daxil olan gəlirlərdir: “Fond yaradılandan bura 130 mlrd. ABŞ dollarından çox vəsait daxil olub ki, onun da təxminən 75%-i infrastruktur, inkişaf layihələrinə yönəldilib, 25%-i isə saxlanılıb. Hazırda Fondun 35 mlrd. dollar aktivi var. Qanuna görə, ARDNF ölkə daxilində investisiya yatırmaq hüququna malik deyil. Bizim bütün investisiyalar beynəlxalqdır, qlobaldır, investisiya portfeli kifayət qədər şaxələndirilib, dünya üzrə müxtəlif aktivlərdə yatırılıb”.
Ş.Mövsümov Azərbaycanda investisiya qoymaq üçün perspektivli sahələri də açıqlayıb: "Bütün sahələr əlverişlidir, amma bu, ilk olaraq ənənəvi kənd təsərrüfatıdır. Bu sahə bizdə güclü inkişaf edib. İnformasiya texnologiyaları, turizm də bu qəbildəndir. Son illər turizm sürətlə inkişaf edən sektorlardan biri olub. Düşünürəm ki, çoxlu yaxşı imkanlar mövcuddur”.