Sahil Babayev: "2027-ci il dövlət büdcəsində güzəştlər iqtisadi və sosial meyarlara əsaslanır"

Maliyyə
  • 11 noyabr, 2026
  • 13:54
Sahil Babayev: 2027-ci il dövlət büdcəsində güzəştlər iqtisadi və sosial meyarlara əsaslanır

Gələn il tətbiqi nəzərdə tutulan vergi və gömrük güzəştlərinin ümumi məbləği kifayət qədər böyükdür.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir deyib ki, Azərbaycan hazırda həm vergi, həm də gömrük güzəştləri təqdim edir:

"Amma burada əsas məqsəd iqtisadiyyatın, real sektorun inkişafı, biznesə və sahibkarlığa dəstək tədbirləridir. Ona görə də biz güzəştlərin hər zaman müddətli olmasının tərəfdarıyıq. Çünki hər dəfə güzəştin müddəti bitdikdə onun növbəti dəfə uzadılmasının qiymətləndirilməsi zamanı əvvəlki dövrün nəticələrini də nəzərə alırıq. Yəni əvvəlki dövrdə verilən bu güzəştin nəticəsi nə olub? Bunu bir daha qiymətləndiririk və əsaslandırma əsasında müəyyən nəticəyə gəlirik.

Eyni zamanda, mən xüsusi olaraq vurğulayım ki, güzəştlər yalnız iqtisadi meyarlar əsasında verilməyib. Bu güzəştlərin kifayət qədər böyük bir hissəsi sosial siyasət, sosial dövlət prinsipləri əsasında, həssas qrupların qorunması məqsədilə təqdim olunub".