Antonio Quterreş iqlim ədaləti haqqında yeni müqavilə bağlamağa çağırıb
- 11 noyabr, 2026
- 14:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünyanın iqlim ədaləti haqqında yeni müqaviləyə ehtiyacı var. Bu müqavilə dörd prinsipə əsaslanır.
"Report"un Antalyaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş COP31 Liderlər Sammitində çıxışı zamanı bildirib.
"İqlim ədaləti paktı dörd əsas istiqamətə əsaslanır. Birincisi - qazıntı yanacağından ədalətli keçidi sürətləndirməkdir. Liderlər, xüsusilə inkişaf etmiş ölkələrin rəhbərləri, eyni zamanda həm qalıq yanacaq hasilatını artırıb, həm də qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq məqsədinə sadiq olduqlarını bəyan edə bilməzlər", - o bildirib.
Onun sözlərinə görə, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) emissiya səviyyələrindəki fərqlə bağlı son məruzəsi aydın mənzərə yaradır.
"2035-ci ilə qədər bərpa olunan enerjinin qlobal gücü 2025-ci ilin səviyyəsi ilə müqayisədə ən azı üç dəfə artmalıdır. Eyni zamanda, emissiyaların tutulmadığı kömür elektrik stansiyalarında elektrik enerjisi istehsalı azı 75 % azalmalıdır. 2040-cı ilə qədər bu cür kömür generasiyası demək olar ki, tamamilə dayandırılmalı, neft və qazdan istifadə isə təxminən üçdə bir həddində azaldılmalıdır. Hər bir hökumət öz siyasətini, investisiyalarını və infrastruktur planlarını bu vəzifələrə uyğunlaşdırmalıdır. İşə, bu dəyişikliklərdən təsirlənəcək işçilərin və icmaların müdafiəsini təmin edən qazıntı yanacağından keçid üzrə etibarlı milli yol xəritələrinin hazırlanması ilə başlamaq lazımdır", - Quterreş qeyd edib.
Baş katib əlavə edib ki, bu, istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq məqsədindən daha da uzaqlaşdıran yeni kömür layihələrindən və yeni neft-qaz infrastrukturundan imtina etmək deməkdir.
"Bu, metan emissiyalarının kəskin şəkildə azaldılması deməkdir. Bərpa olunan enerjinin, elektrik şəbəkələrinin, enerji saxlama sistemlərinin və ekoloji təmiz enerji əsasında elektrikləşdirmənin sürətli inkişafı. Meşələrin, okeanların və biomüxtəlifliyin qorunub saxlanması. Bizim seçimimiz var: ya bu ədalətli keçidi planlaşdırmaq, ya da əvəzini xaos və dolanışıq mənbələrinin itirilməsi ilə ödəmək. İkincisi - artan temperaturlar şəraitində insanları qorumaqdır. Adaptasiya sağ qalmaq məsələsidir. İstiləşmənin 1,5 dərəcə həddini aşması, beynəlxalq ictimaiyyət tərəfindən inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi ilə adaptasiya yanaşmasının köklü şəkildə yenidən nəzərdən keçirilməsini və yeni nəsil milli adaptasiya planlarının hazırlanmasını tələb edir", - o vurğulayıb.
Quterreş hesab edir ki, Yer üzündəki hər bir insan erkən xəbərdarlıq sistemi ilə əhatə olunmalı, hər bir icma isə daşqınlardan, quraqlıqlardan və dəniz səviyyəsinin qalxmasından qorunmalıdır: "Adaptasiya imkanları tükəndikdə, itki və zərərin ödənilməsi üçün dəstək operativ şəkildə təmin edilməli və əlçatan olmalıdır".