Rusiyada miqrantlar üçün ayrıca sığorta məhsulu olacaq
- 15 aprel, 2017
- 09:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 aprel. REPORT.AZ/ Rusiya Dövlət Dumasına miqrantların ölkədən deportasiya olunması riskindən icbari qaydada sığortalanmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib.
Bu barədə “Report” rus mətbuatına istinadən xəbər verir.
Məlumatda deyilir ki, sənəd parlamentdə qəbul edilərsə, gələn il yanvarın 1-dən onun tətbiqinə başlanılacaq.
Layihə Rusiya ərazisinə daxil olan xarici vətəndaşların (vətəndaşlığı olmayan şəxslərin) deportasiya olunması zərurəti yarandığı halda buna çəkilən xərclərin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutur. Bununla bağlı miqrantlara satılacaq sığorta polisinin verəcəyi sığorta təminatının dəyəri azı 100 min rubl (təxminən 3 min manat) təşkil edəcək.
Rusiyanın Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə baş idarəsinin məlumatına görə, ölkədən deportasiya olunan miqrantların yalnız 40-45%-nin xərci özləri və yaxud onları ölkəyə dəvət edən şəxslər tərəfindən çəkilir. Miqrantdan yarıdan çoxunun deportasiyasını isə dövlət öz hesabına həyata keçirir. 2016-cı ildə bu məqsədlə dövlət büdcəsindən 100 mln. rubl (3 mln. manat) xərclənib.