Rusiya ABŞ istiqrazlarına sərmayələrini 16% artırıb
- 19 yanvar, 2017
- 12:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiya ABŞ Xəzinədarlığı istiqrazları portfelini 2016-cı ilin noyabr ayında 16% artıraraq 86,6 mlrd. dollara çatdırıb. "Report" xəbər verir ki, bu barədə məlumat ABŞ Xəzinədarlığının hesabatında dərc olunub. Qeyd edək ki, illik müqayisədə Rusiyanın Amerika istiqrazları portfeli 1,4 mlrd. dollar və ya 1,6% azalma göstərib.
Xatırladaq ki, ABŞ istiqrazlarına ən çox yatırım edən ölkə Yaponiyadır (1,1 trln. dollar). Onun portfeli isə noyabr ayı ərzində 23,3 mlrd. dollar və ya 2% azalıb.
ABŞ istiqrazlarına ən çox investisiya yatıran ikinci ölkə isə Çindir (1,05 trln. dollar). Noyabrda onun portfeli 66,4 mlrd. dollar və ya 6% azalma göstərib. Bu, 2011-ci ildən sonra ən kəskin azalmadır.
Ümumiyyətlə, xarici ölkələr 5,94 trln. dollarlıq ABŞ istiqrazlarına sahibdir. Bu, 2014-cü ildən sonra minimal səviyyə olub, oktyabr ayı ilə müqayisədə isə 96,1 mlrd. dollar və ya 1,6% azalıb.