"PAŞA Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 14 iyul, 2025
  • 12:40
PAŞA Bank maliyyə vəziyyətini açıqlayıb

“PAŞA Bank” ASC bu ilin I yarısını 91,585 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23,1 % azdır.

Yanvar-iyun aylarında “PAŞA Bank”ın gəlirləri 403,815 milyon manat (illik müqayisədə 6,9 % çox), xərcləri 276,257 milyon manat (19,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 12,419 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 23,555 milyon manat ( 22 % az) təşkil edib.

Bu il iyulun 1-nə “PAŞA Bank”ın aktivləri 8 milyard 967,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,8 % çoxdur. Bunun 3 milyard 200,339 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,1 % böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 5,2 % artaraq 8 milyard 13,211 milyon manata, o cümlədən depozit portfeli 2,6 % artaraq 6 milyard 707,85 milyon manata, balans kapitalı isə 11,9 % artaraq 954,089 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.