"PAŞA Bank"ın Türkiyədəki törəməsinin xalis mənfəəti 17 % artıb

Maliyyə
  • 07 noyabr, 2023
  • 09:37
PAŞA Bankın Türkiyədəki törəməsinin xalis mənfəəti 17 % artıb

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin yanvar-sentyabr aylarını 176,063 milyon lirə (10,564 milyon manat) xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 % çoxdur.

9 ay ərzində "PAŞA Yatırım Bankası"nın vergiyəqədərki mənfəəti 250,165 milyon lirə (15,01 milyon manat, 1 il əvvələ nisbətən 28,5 % çox), mənfəət vergisi ödəmələri isə 74,102 milyon lirə (4,446 milyon manat, 70,2 % çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 8 milyard 579,576 milyon lirə (514,775 milyon manat) olub ki, bu da illik müqayisədə 51,4 % çoxdur. Bunun 4 milyard 521,893 milyon lirəsi (271,314 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 38,3 % böyüyüb.

Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 54,9 % artaraq 7 milyard 593,497 milyon lirəyə (455,61 milyon manat), balans kapitalı isə 29 % artaraq 986,079 milyon lirəyə (59,165 milyon manat) çatıb.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (30 milyon manat). Bankın səhmlərinin 72 %-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 27,96 %-i “PAŞA Bank”a, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.

1 lirə = 0,06 manat