Nurullah Bakır: "Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb"

Maliyyə
  • 09 iyun, 2026
  • 10:30
Nurullah Bakır: Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb

Türk dünyasında rəqəmsal bankçılıq sürətlə genişlənir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Türkiyə Banklar Birliyinin Baş katibi Nurullah Bakır bildirib.

Onun sözlərinə görə, qlobal iqtisadi inkişafla yanaşı, yeni texnologiyalar, dəyişən biznes modelləri və transformasiya olunan müştəri gözləntiləri maliyyə sisteminin fəaliyyətini yenidən formalaşdırır: "Maliyyə sektorunda rəqəmsallaşma sürətlə dərinləşdikcə, rəqəmsal kanallardan istifadə göstəriciləri də əhəmiyyətli dərəcədə artır. Rəqəmsal bankçılıq artıq sadəcə alternativ xidmət kanalı deyil, əsas xidmət modelinə çevrilib. Bu tendensiyanı rəqəmlər də təsdiqləyir. Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 2019-cu ildə təxminən 51 milyon olduğu halda, hazırda 129 milyonu ötüb. Bu isə 100 %-dən çox artım deməkdir".

Qonaq xüsusilə qeyd edib ki, həmin dövrdə mobil bankçılıqdan istifadə təxminən 200 % artıb: "Bu göstəricilər onu göstərir ki, rəqəmsal transformasiya artıq gələcəyə hesablanmış hədəf deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bu transformasiyanın ən mühüm təzahürlərindən biri isə açıq bankçılıq tətbiqləridir. Bu gün müştərilər müxtəlif banklardakı hesablarını vahid platforma üzərindən idarə edə, eyni zamanda ani pul köçürmələrini rahat və sürətli şəkildə həyata keçirə bilirlər."