"Nikoil Bank" 9 aylıq maliyyə göstəricilərini açıqlayıb

Maliyyə
  • 10 noyabr, 2016
  • 11:34
Nikoil Bank 9 aylıq maliyyə göstəricilərini açıqlayıb

Bakı. 10 noyabr. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin cəmi aktivləri 2016-cı il oktyabrın 1-nə 537,114 mln. manat təşkil edib. 

"Report" bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 5,76% azdır.

"Nikoil Bank"ın aktivlərinin 356,167 mln. manatını və yaxud 66,31%-ni müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin sonuna nisbətən Bankın kredit portfeli 6,95% azalıb.

Bu ilin ilk 9 ayında "Nikoil Bank"ın cəmi öhdəlikləri də 9,54% azalaraq 496,188 mln. manat olub. Bunun 335,633 mln. manatını və yaxud 67,64%-ni Bankın depozit portfeli təşkil edib. İlin əvvəlinə nisbətən bu göstərici 10,92% azalıb.

Sentyabrın sonuna "Nikoil Bank"ın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 48,5 mln. manat olub.

Kredit təşkilatının cəmi kapitalı isə 91,17% artaraq 40,925 mln. manata çatıb.

Bu ilin yanvar-sentyabr aylarında "Nikoil Bank"ın faiz gəlirləri 68,909 mln. manat, faiz xərcləri 22,255 mln. manat, qeyri-faiz gəlirləri 8,509 mln. manat, qeyri-faiz xərcləri isə 17,168 mln. manat təşkil edib. Bununla da, Bankın xalis əməliyyat mənfəəti 34,995 mln. manat olub.

"Nikoil Bank" aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 31,358 mln. manat yönəldib və 2016-cı ilin ilk 9 ayını 3,637 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2 manat olan 92,25 mln. səhm əsasında formalaşıb. Səhmlərin 91,84%-i "Topaz İnvestments" QSC-yə, 7,97%-i "Nikoil" QSC-yə, 1%-i isə "ISR Holding" MMC-yə məxsusdur. 

44 filmi