Nicat İmanov: "İki il fəaliyyət göstərən KOB-lara 25 %-lik vergi güzəşti veriləcək"

Maliyyə
  • 06 noyabr, 2026
  • 11:49
Nicat İmanov: İki il fəaliyyət göstərən KOB-lara 25 %-lik vergi güzəşti veriləcək

Azərbaycanda iki il fəaliyyət göstərən kiçik sahibkarlara 25 %-lik vergi güzəşti veriləcək.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, vergi və davamlılıq siyasəti də əsas istiqamətlərdən biridir: "Biznes fəaliyyətində davamlılığın təmin edilməsi xüsusi hədəf kimi müəyyənləşdirilib. Bu baxımdan, ardıcıl azı iki il ərzində kiçik sahibkar kateqoriyasına aid olan vergi ödəyicilərinə 25 % həcmində vergi güzəştinin tətbiqi nəzərdə tutulur. Bu isə 20 %-lik vergi dərəcəsinin 15 %-ə endirilməsi deməkdir".

N. İmanov bildirib ki, burada əsas şərtlərdən biri vergi ödəyicisinin təqvim ili ərzində əmək münasibətlərindən yayınmaya yol verməməsi, vergi borclarını tam həcmdə ödəməsi və əvvəlki dövrlə müqayisədə vergiyə cəlb olunan dövriyyəsinin 30 %-dən çox azalmamasıdır: "Beləliklə, dövlət büdcəsi hesabına həyata keçirilən bu dəstək tədbiri qanunvericiliyə əməl edən və dayanıqlı fəaliyyət göstərən sahibkarlar üçün sərfəli olacaq".