Azərbaycan futzal millisinin kapitanı Emin Kürdov: "Qazandığımız hər bir xal qızıla bərabərdir"
- 06 noyabr, 2026
- 11:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan futzal millisinin DÇ-2028-in əsas mərhələsində qazandığı hər bir xal qızıla bərabərdir.
Bunu "Report"a açıqlamasında yığmanın kapitanı Emin Kürdov deyib.
Təcrübəli qolkiper qarşılaşmanın gərgin keçdiyini bildirib:
"Oyunun gərgin olacağını bilirdik. Çünki səfərdəki matçda minimal hesabla uduzmuşduq. Bölgədə ilk dəfə millinin rəsmi oyunu keçirildi və bu, bizim üçün tarixi an oldu. Çexiya Avropa çempionatının iştirakçısı olan güclü komandadır. Çox çətin qrupa düşmüşük. Buna baxmayaraq, matça yaxşı başladıq. Birinci hissədə öndə idik, sonradan geriyə düşsək də, hesabı bərabərləşdirdik. Komandada yeni nəsil formalaşır. Belə görüşlərdə qazanılan hər bir xal qızıla bərabərdir. Uşaqlar sonadək döyüşdülər, mən də təcrübəmlə komandama kömək etməyə çalışdım. Əziyyətlə 1 xalı əldə etdik".
E.Kürdov Latviya ilə keçiriləcək növbəti matç barədə də fikirlərini bölüşüb:
"Artıq Bakıdayıq və Latviya ilə matça hazırlaşırıq. Rəqib son görüşündə Çexiya ilə 3:3 hesablı heç-heçə edib. Onlar da güclü, Avropa çempionatında özünü yaxşı tərəfdən göstərən kollektivdir. Amma arzumuz Bakıda qələbə qazanmaq və qrupdakı mövqeyimizi yaxşılaşdırmaqdır".
O, Lənkərandakı azarkeş dəstəyini yüksək qiymətləndirib:
"Lənkəran azarkeşlərinə xüsusi təşəkkür edirəm. Bizə çox böyük, möhtəşəm dəstək göstərdilər. Oyunun bölgədə keçirilməsi çox gözəl idi. Lənkəranlı azarkeşlərin futbolu nə qədər sevdiyinə bir daha şahid olduq".
Qeyd edək ki, Lənkəran Olimpiya İdman Kompleksində baş tutan Azərbaycan - Çexiya görüşü 2:2 hesabı ilə yekunlaşıb. Millimiz növbəti matçını noyabrın 8-də Bakıda Latviya yığmasına qarşı keçirəcək.