“MJ Financial Service" BOKT-un istiqrazları listinqə daxil edilib

Maliyyə
  • 19 oktyabr, 2022
  • 12:43
“MJ Financial Service BOKT-un istiqrazları listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “MJ Financial Service" MMC bank olmayan kredit təşkilatının (BOKT) 750 min manatlıq istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

"Report" Birjaya istinadən xəbər verir ki, istiqrazlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək.

Hərracın tarixi azı 2 iş günü əvvəlcədən BFB-nin internet səhifəsində açıqlanacaq.

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 750 ədəd, yəni 750 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.