Metyu Hill: "Azərbaycan sığorta sahəsində beynəlxalq peşəkarlıq standartlarına yaxınlaşır"

Maliyyə
  • 25 iyun, 2026
  • 15:30
Metyu Hill: Azərbaycan sığorta sahəsində beynəlxalq peşəkarlıq standartlarına yaxınlaşır

Azərbaycan sığorta sahəsində beynəlxalq peşəkarlıq standartlarına yaxınlaşır.

"Report" xəbər verir ki, bunu "Chartered Insurance Institute"un baş icraçı direktoru (CEO) Metyu Hill XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan maliyyə xidmətləri, xüsusən də sığorta sahəsində peşəkarlığın artırılması istiqamətində proqrama başlayıb: "Bu proqram bir müddətdir ki, mövcuddur, lakin hazırda daha da sürətlənir. Məsələn, Azərbaycan Mərkəzi Bankının iştirakçılığın genişləndirilməsi, etimadın möhkəmləndirilməsi və bazarın daha müasir tənzimləmə müstəvisinə keçirilməsi kimi prioritetləri CII-nin öz ambisiyaları ilə tamamilə üst-üstə düşür. İctimai etimada verilən böyük əhəmiyyət və etimad indeksinin 80 %-ə çatdırılması hədəfi məni xüsusilə təsirləndirib".

M.Hill vurğulayıb ki, əksər uzunmüddətli iqtisadi göstəricilərə görə, bəşəriyyət bu gün hər zamankından daha zəngindir: "Adambaşına düşən orta gəlir kəskin şəkildə artıb. Məhsuldarlıq yüksəldikcə qlobal istehsal davamlı olaraq böyüyüb. XX əsrin iqtisadi güc mərkəzlərindən kənarda baş verən sürətli artım yüz milyonlarla insanı yoxsulluqdan xilas edib. Tarixi olaraq, 1800-cü ildə insanların təxminən 80 %-i ifrat yoxsulluq şəraitində yaşayırdısa, hazırda bu pay qlobal miqyasda kiçik bir azlıq təşkil edir. 1990-cı ildən 2019-cu ilə qədər ölkələr arasındakı qlobal bərabərsizlik azalıb. Bu, qismən onunla bağlıdır ki, daha kasıb ölkələr zəngin ölkələrlə müqayisədə daha sürətlə inkişaf ediblər. Məhz buna görə iqtisadçılar tez-tez deyirlər ki, biz zəngin və kasıb ölkələrə bölünmüş bir dünyadan daha bütöv qlobal orta təbəqəyə malik bir dünyaya keçmişik. Təbii ki, bərabərsizlik spektrinin əhəmiyyətli dərəcədə genişləndiyini bilirik. Bununla belə, mütləq mənada götürdükdə, mallar, xidmətlər, ömür uzunluğu və təhsil baxımından yer üzündəki orta statistik insan əvvəlki nəsillərin hər birindən daha yaxşı vəziyyətdədir".

O qeyd edib ki, maliyyə xidmətləri sahəsində yeni istedadları daha çox cəlb etmək, yardım göstərmək üçün addımlar atmalıdır: "Eyni zamanda, bunu edərkən iqtisadiyyatın digər bir çox sektorları ilə rəqabət apara biləcəyini də nəzərə almalıdır. Bütün bunlar ictimai etimadı qoruyan yüksək standartlar saxlanılmaqla həyata keçirilməlidir".