Masato Kanda: "ADB 2029-cu ilədək Azərbaycana 2,5 milyard dollaradək investisiya ayırmağa hazırdır"
- 14 noyabr, 2025
- 17:36
Asiya İnkişaf Bankı (ADB) bu gün Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Strategiyasının icrasına rəsmi olaraq start verib.
"Report" xəbər verir ki, bu barədə ADB-nin prezidenti Masato Kanda sosial şəbəkə hesabında məlumat yayıb.
"Mən Azərbaycanın maliyyə naziri, AD-nin Direktorlar Şurasının üzvü Sahil Babayevlə görüşdüm. Görüşün məqsədi ADB-nin Azərbaycan üçün yeni Ölkə Tərəfdaşlıq Strategiyasını işə salmaq idi. Yeni maliyyələşmə ilə bağlı müraciətləri nəzərə alaraq, ADB 2029-cu ilədək Azərbaycana 2,5 milyard ABŞ dollarınadək investisiya ayırmağa hazırdır. Biz bərpa olunan enerji layihələrinin inkişafı, dəmir yolu və metro sistemlərinin modernləşdirilməsi, eləcə də özəl sektorun gücləndirilməsi istiqamətində hökumətlə sıx əməkdaşlıq edəcəyik", - deyə paylaşımda bildirilir.
Xatırladaq ki, iyulun 29-da ADB Azərbaycan üçün 2025–2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Strategiyasını təsdiq edib.
Strategiyada ölkənin inkişaf hədəflərinə çatması üçün dəyər yaradılması, inteqrasiya və dayanıqlılıq əsas prioritetlər kimi müəyyənləşdirilir. Beşillik strategiya iki əsas istiqamətə fokuslanır: "yaşıl" və şaxələndirilmiş iqtisadiyyatın qurulması, eləcə də aşağı-karbonlu bağlantıların və inklüziv inkişafın təşviqi.
Qeyd edək ki, Masato Kanda hazırda Bakıda səfərdədir.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu dövr ərzində bank ölkəyə 5,6 milyard ABŞ dollarından çox investisiya yatırıb. Bunun 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları isə özəl sektora yönəldilib.
Eyni zamanda, ADB Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi göstərib.
ADB 1966-cı ildə təsis edilib. Bankın baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir və qurumda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 ölkə təmsil olunur.