Azərbaycandakı BOKT-larda risklərin idarə edilməsi sistemi qurulacaq

Maliyyə
  • 28 oktyabr, 2026
  • 11:54
Azərbaycandakı BOKT-larda risklərin idarə edilməsi sistemi qurulacaq

Azərbaycandakı bank olmayan kredit təşkilatlarında (BOKT) risklərin idarə edilməsi sistemi qurulacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Qeyri-bank kredit təşkilatlarına nəzarət departamentinin direktoru Xəyyam İsmayılov "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirdiyi 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.

Onun sözlərinə görə, ötən dövrdə nəzarət daha çox nominal və kəmiyyət göstəriciləri, ənənəvi nəzarət meyarları əsasında aparılırdı: "Lakin biz artıq bu istiqamətdə qiymətləndirmələrə başlamışıq və riskəsaslı nəzarət yanaşmasının tətbiqi imkanlarını müəyyənləşdiririk. Belə ki, bank sektorunda mövcud tənzimləmə təcrübəsindən asılı olmayaraq, burada əsas məqsəd risklərin qiymətləndirilməsi və müvafiq meyarların müəyyənləşdirilməsidir. Bu çərçivədə nəzarət yanaşmasının xüsusiyyətlərinin müəyyən edilməsi, nəzarətin optimallaşdırılması, həmçinin bank olmayan kredit təşkilatlarında risklərin idarə edilməsi sisteminin qurulması nəzərdə tutulur".

X.İsmayılov qeyd edib ki, ötən dövrdə xarici amillər və iqtisadi qeyri-müəyyənlik nəticəsində formalaşan riskləri nəzərə alaraq, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaranıb: "Riskəsaslı nəzarət də bu tədbirlərdən biridir. Hazırda bu yanaşma digər ölkələrdə də geniş tətbiq olunur. Hesab edirik ki, bank olmayan kredit təşkilatlarında riskəsaslı nəzarət tələblərinin tətbiqi, ilk növbədə, onların inkişafına təkan verəcək. Riskəsaslı yanaşma həm ictimaiyyətin, həm əməkdaşların, həm də təşkilatların bu istiqamətdə müvafiq münasibət və davranış prinsiplərinin formalaşmasına şərait yaradır. Ümid edirik ki, bu yanaşma maliyyə göstəricilərindən və ya xüsusi məhsullardan qaynaqlana biləcək potensial riskləri vaxtında müəyyən etməyə və zəruri tədbirlər görməyə imkan verəcək. Burada əsas məqsədlərimizdən biri sektorun dəyişən şəraitə uyğunlaşmasını təmin etmək, digəri isə onu investisiyalar üçün daha cəlbedici etməkdir".

44 filmi