Maliyyə Monitorinqi Xidmətinin büdcəsi 51 % artıb

Maliyyə
  • 18 sentyabr, 2025
  • 11:04
Maliyyə Monitorinqi Xidmətinin büdcəsi 51 % artıb

2024-cü ildə Maliyyə Monitorinqi Xidməti (MMX) 6,525 milyon manat gəlir əldə edib.

"Report" xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 50,9 % çoxdur.

Ötən il MMX-nın xərci və onun dinamikası da elə bu qədər olub. O cümlədən qurumun insan resursları üzrə xərcləri 5,423 milyon manat (illik müqayisədə 43,8 % çox), köhnəlmə və amortizasiya xərcləri 532 min manat (4,2 dəfə çox), inzibati xərcləri 570 min manat (34,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə MMX-nın aktivləri 11,98 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,9 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 15,5 % artaraq 8,752 milyon manata çatıb, balans kapitalı isə dəyişməyərək 3,227 milyon manat olub.

Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.

Son xəbərlər

Bütün Xəbər Lenti