“M Bulak” BOKT-un xalis mənfəəti 36 % artıb
- 10 aprel, 2025
- 12:45
Yeniliklərdən dərhal xəbərdar olun!
“M Bulak” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 5,671 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 36,2 % çoxdur.
Ötən il “M Bulak”ın vergiyəqədərki mənfəəti 7,044 milyon manat (əvvəlki ilə nisbətən 37,8 % çox), mənfəət vergisi ödəmələri isə 1,373 milyon manat (44,7 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “M Bulak”ın aktivləri 34,911 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 38,6 % çoxdur. Bunun 33,676 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 38,2 % böyüyüb.
Hesabat dövründə “M Bulak”ın öhdəlikləri 3,3 dəfə artaraq 5,799 milyon manata, balans kapitalı isə 24,2 % artaraq 29,112 milyon manata çatıb.
Xatırladaq ki, “M Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə "Mol Bulak" adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 10,408 milyon manatdır. BOKT-nin təsisçiləri Qırğızıstan vətəndaşları 95,9 % payla Aleksey Kokarev və 4,1 % payla Babirjan Tolbayevdir.