“Kredaqro” BOKT-un istiqrazlarına 11 investor maraq göstərib
- 30 avqust, 2022
- 12:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “Kredaqro” MMC bank olmayan kredit təşkilatının (BOKT) 500 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 5 000 ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 11 investor qiyməti 100 manat (11%), ümumi məbləği isə 500 min manat olan 11 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 18 ay müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 11%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.