Коnstantin Limitovski: "CQD layihələrinin dəstəklənməsi AIIB-in meyarlarına uyğunluğu şərtilə mümkündür" - MÜSAHİBƏ

Maliyyə
  • 01 oktyabr, 2025
  • 16:31
Коnstantin Limitovski: CQD layihələrinin dəstəklənməsi AIIB-in meyarlarına uyğunluğu şərtilə mümkündür - MÜSAHİBƏ

Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Əgər əvvəllər diqqət ayrı-ayrı infrastruktur layihələrinə yönəlirdisə, bu gün söhbət energetika, nəqliyyat və dayanıqlı inkişafı əhatə edən uzunmüddətli investisiya proqramından gedir. Regionda strateji mövqeyini möhkəmləndirməyə çalışan ölkə üçün belə tərəfdaşlıq yeni üfüqlər açır.

"Report"a müsahibəsində AIIB -in dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə müştəriləri üzrə Baş İnvestisiya Direktoru Konstantin Limitovski Azərbaycanda uzunmüddətli əməkdaşlıq proqramının necə qurulduğunu və hansı layihələrin onun əsasını təşkil edəcəyini açıqlayıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

-AIIB Azərbaycan üçün üç əsas prioritet ətrafında qurulmuş uzunmüddətli investisiya proqramı hazırlayır. Bu proqramın icra müddəti və gözlənilən maliyyələşmənin həcmi barədə daha ətraflı məlumat verə bilərsinizmi?

- AIIB 2025-ci ilin sentyabrında imzalanmış Strateji Əməkdaşlığa dair Birgə Bəyannaməyə əsasən uzunmüddətli investisiya proqramını hazırlayır. Birgə Bəyannamə "2030-cu ilin Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetləri"ndə qeyd olunduğu kimi Azərbaycanın milli strateji baxışı və AIIB-nin "Sabah üçün İnfrastruktur"un maliyyələşdirilməsi üzrə əsas missiyası ilə üst-üstə düşür.

Bu geniş əməkdaşlığın məqsədi, AIIB tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş maliyyələşdirilmə üçün dinamik, çoxillik investisiya proqramını hazırlamaqdır.

- AIIB Cənub Qaz Dəhlizinin genişləndirilməsində iştirak etməyi düşünürmü? Əgər düşünürsə, bu hansı formatda olacaq – birbaşa investisiyalar, kreditlər, yoxsa sindikatlaşdırılmış maliyyələşdirmə?

- AIIB, üzv ölkələrin enerji və iqlim məqsədlərinə xüsusilə kömür və neftdən asılılığın azaldılması, bərpa olunan enerji mənbələrinin inteqrasiyasına imkan yaradılması və enerji təhlükəsizliyinin gücləndirilməsi vasitəsilə nail olunmasında təbii qazın keçid rolunu qəbul edir. Eyni zamanda, Bankın iştirakı ciddi şəkildə onun Korporativ Strategiyası, Ekoloji və Sosial Çərçivəsi və Enerji Sektoru Strategiyası ilə tənzimlənir, hansılar ki, təbii qazın yalnız keçid dövrü sərmayələri üçün uyğun olduğunu müəyyən edir.

Bundan əlavə, AIIB bütün maliyyə vəsaitlərinin Paris Sazişinə uyğun olmasını öhdəsinə götürüb. Bu o deməkdir ki, AIIB orta mərhələdə infrastruktur aktivlərinin (məsələn, LNG terminalları, saxlanma obyektləri və boru kəmərləri), qazla işləyən elektrik stansiyalarının və son mərhələdə paylama layihələrinin maliyyələşdirilməsini nəzərdən keçirə bilər, bir şərtlə ki, onlar, digərləri ilə yanaşı, qeyd olunan aydın meyarlara cavab verirlər: milli iqlim siyasətləri və dekarbonizasiya trayektoriyaları ilə uyğunluq; karbon yığımının qarşısının alınması; sektor üzrə karbon intensivliyinin zamanla azaldılması; metan tullantılarını məhdudlaşdırmaq üçün mövcud ən yaxşı texnologiyalardan istifadə; və daha dayanıqlı, aşağı karbonlu alternativlərin kənar edilməməsi.

Cənub Qaz Dəhlizi ilə bağlı layihələrə hər hansı potensial dəstək yalnız göstərilən meyarlara uyğun olduğu halda nəzərdən keçiriləcək və ətraflı ekspertizadan keçirilərək AIIB-in idarəetmə orqanları tərəfindən təsdiqlənəcək.

-2025-2030-cu illərdə Bakı şəhərində və ona bitişik ərazilərdə Nəqliyyat İnfrastrukturunun İnkişafına dair Dövlət Proqramına uyğun olaraq, təşəbbüslərin bir hissəsinin AIIB-in krediti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Bu maliyyələşdirmənin təxmini həcmi və şərtləri hansılardır? Hansı metronun hansı xətlərinə və ya hissələrinə prioritet veriləcəyi gözlənilir?

- AIIB, Nəqliyyat İnfrastrukturunun İnkişafına dair Dövlət Proqramını həyata keçirmək məqsədi ilə Bakı Metropoliteni və Azərbaycan hökuməti ilə birgə işləyir. Bu yalnız yeni xətlərin çəkilməsi demək deyil, biz həmçinin hökumətin Bakı sakinlərinin indiki və gələcək nəsilləri üçün təhlükəsiz və əlçatan nəqliyyat imkanlarını yaratmaq səylərini tam dəstəkləyirik. Əməkdaşlıq çərçivəsində 1 milyard ABŞ dollarına qədər dövlət zəmanəti ilə təmin edilmiş maliyyələşdirmə nəzərdə tutulur, və birinci mərhələ "Yaşıl xətt"in tam potensialını üzə çıxartmağa yönələcək.

Biz "Dərnəgül" və "Xocasən" depolarının genişləndirilməsi və tamamlanmasını hədəfə qoyaraq başladıq ki, bu da metro sisteminin ötürmə qabiliyyətini artıracaq və daha çox sərnişinə etibarlı xidmət göstərməyə imkan verəcək. Bundan əlavə, biz havanın təmizliyinə, stansiyaların təhlükəsizliyinə və perronların rahatlığına sərmayə qoymağı planlaşdırırıq, çünki hər səyahət hər bir sərnişin üçün inklüziv və keyfiyyətli təcrübə təmin etməlidir. Birinci mərhələdə həmçinin "Yaşıl xətt" üzrə bir sıra stansiyaların yenilənməsi, onların daha rahat və davamlı vəziyyətə gətirilməsi da nəzərdən keçirilir.

İkinci mərhələdə isə dəstəyimiz daha da genişlənəcək. "Yaşıl xətt" "Xətai" stansiyasından "Həzi Aslanov" stansiyasınadək uzadılaraq insanları birləşdirəcək, yollarda tıxacları azaldacaq və Bakının dayanıqlı şəhər inkişafı modelinə transformasiyasına töhfə verəcək. Bəli, bu mobillikdir, lakin eyni zamanda bu, gənc nəsillər üçün yeni imkanların yaradılması deməkdir.

-Asiya İnkişaf Bankı (ADB) "Mərkəzi Asiya – Azərbaycan Transxəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin birinci mərhələsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması məqsədilə məsləhətçi seçimi üzrə tender elan edib və bundan sonra AIIB-in birbaşa müqavilələr bağlaması gözlənilir. Hazırda bu proses hansı mərhələdədir? Müqavilələr artıq imzalanıbmı, və layihənin icrasına nə vaxt başlanacağı gözlənilir?

- AIIB və ADB Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri ilə birlikdə Xəzər Yaşıl Enerji Dəhlizi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını aktiv şəkildə irəlilətməkdədir. 2025-ci ilin aprel ayında üç ölkənin energetika nazirlikləri, ADB və AIIB ilə birlikdə layihənin hazırlanmasının birinci mərhələsini dəstəkləmək məqsədilə Anlaşma Memorandumu (MoU) imzalayıb.

Artıq İnkişaf Maliyyəsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzi (MCDF) ilkin hazırlıq işlərini dəstəkləmək üçün 1 milyon ABŞ dolları məbləğində qrantı təsdiqləyib.

- AIIB əvvəllər Orta Dəhlizin inkişafına, o cümlədən dəmir yolu və avtomobil yolları infrastrukturunun, limanların, logistika mərkəzlərinin maliyyələşdirilməsini dəstəkləməyə hazır olduğunu bildirib. Hal-hazırda hansı konkret layihələr prioritet kimi müzakirə olunur?

-Orta Dəhliz, Avrasiya üzrə əlaqəliliyin gücləndirilməsi baxımından böyük potensiala malikdir, və Bank bu istiqamətdə dəstəyini davam etdirməyə sadiqdir. Hazırda AIIB Qazaxıstanda dayanıqlılığı rəqəmsal innovasiyalarla birləşdirən iqlimədavamlı, "ağıllı" avtomobil yolları vasitəsilə ölkənin nəqliyyat infrastrukturunu yenidən formalaşdırmağa kömək edir.

Türkiyədə Bank ölkənin dəmir yolu intibahını Şərqi Türkiyə Orta Dəhliz Dəmir Yolu layihəsi kimi qabaqcıl təşəbbüslərlə dəstəkləyir, hansılar ki, Asiya və Avropa arasında tranzit müddətlərini əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanda isə AIIB yerli hökumət və ADB ilə əməkdaşlıq çərçivəsində dəmir yolu və avtomobil yollarının, logistika mərkəzlərinin və liman infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirir. Hazırda ayrı-ayrı layihələr hələ də hazırlıq mərhələsində olsa da, lakin müzakirələr əsasən yükdaşıma qabiliyyətinin artırılması, sərhəd-keçid məntəqələrində sıxlıqların azaldılması və multimodal nəqliyyat inteqrasiyasının təkmilləşdirilməsi üzərində cəmlənir. Xüsusi prioritet isə Azərbaycanın tranzit mərkəzi kimi rolunu genişləndirməyə və şərq-qərb ticarət axınlarının etibarlılığını artırmağa imkan yaradacaq infrastrukturun inkişafına verilir.

- AIIB Bakı Beynəlxalq Dəniz Limanının genişləndirilməsi və modernləşdirilməsinin maliyyələşdirilməsində iştirak etməyi planlaşdırırmı?

-Bakı Limanı regional ticarət və logistika üçün mərkəzi qovşaq rolunu oynayır və onun ikinci mərhələ çərçivəsində genişləndirilməsi, limanın illik ötürmə qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək və 100 000 TEU-dan 500 000 TEU-dək artırılması üçün nəzərdə tutulur.

AIIB limanın tutumunun, səmərəliliyinin və dayanıqlılığının artırılması üçün Dünya Bankı Qrupu ilə birgə səylər göstərir.

-COP29-da AIIB, günəş enerjisi layihələri – Banka və Biləsuvar 760 MVt Günəş PV Enerjisi layihələrinin maliyyələşdirilməsi üzrə sazişlər imzalayıb. Bundan əvvəl həmçinin yeni günəş və külək enerjisi layihələrinin hazırlandığı qeyd olunub. Bu layihələrin detalları və danışıqların hazırda hansı mərhələdə olduğu barədə daha ətraflı məlumat verə bilərsinizmi?

-COP29-da AIIB Azərbaycanda iki iri günəş elektrik stansiyasının maliyyələşdirilməsi üzrə sazişlər imzalayıb – müvafiq olaraq Neftçala və Biləsuvar rayonlarında yerləşən 315 MVt-lıq Banka və 445 MVt-lıq Biləsuvar günəş PV stansiyaları. Birlikdə onlar ölkənin enerji sisteminə 760 MVt-lıq təmiz enerji gücü əlavə edəcək, beləliklə də Azərbaycanın ən böyük bərpaolunan enerji layihələrindən biri olacaq. Ümumi sərmayə təqribən 670 milyon ABŞ dolları təşkil edir. Bu layihələr "Masdar", "SOCAR Green", ADB və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə birgə inkişaf etdirilir.

-Hər iki stansiya beynəlxalq ekoloji və sosial standartlara uyğun hazırlanıb, Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi, biomüxtəliflik araşdırmaları və yaşayış vasitələrinin bərpası planları tamamlanıb. Biləsuvar layihəsində erkən tikinti işlərinə artıq start verilib, hər iki stansiyanın 2027-ci ilədək istismara verilməsi gözlənilir.

Bu iki layihədən əlavə, AIIB öz tərəfdaşları ilə Azərbaycanda yeni günəş və külək enerjisi layihələri üzrə də müzakirələr aparır. Detallar hələ hazırlıq mərhələsində olsa da, əsas diqqət bərpaolunan enerji gücünün artırılmasına və onun enerji şəbəkəsinin etibarlılığını və dayanıqlılığını dəstəkləyəcək şəkildə inteqrasiyasına yönəlib. Paralel olaraq AIIB, bərpaolunan elektrik enerjisinin sərhədlərarası ötürülməsi üçün zəruri infrastrukturu təmin edəcək Xəzər Yaşıl Enerji Dəhlizinin hazırlanmasında regional hökumətlərə və digər inkişaf banklarına qoşulub.

Son xəbərlər

Bütün Xəbər Lenti