Avropa Komissiyası iki həftə sonra müdafiə üzrə yol xəritəsi təqdim edəcək

Digər ölkələr
  • 02 oktyabr, 2025
  • 01:20
Avropa Komissiyası iki həftə sonra müdafiə üzrə yol xəritəsi təqdim edəcək

Avropa Komissiyası iki həftə sonra Aİ-nin 2030-cu ilə qədər müdafiə qabiliyyəti üzrə yol xəritəsini təqdim edəcək, üç həftə sonra isə Avropa Şurası onun müzakirəsi və qərarların qəbulu üçün toplanacaq.

"Report"un Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Aİ liderlərinin qeyri-rəsmi sammitinin yekunlarına dair Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Danimarkanın Baş naziri Mette Frederiksenin birgə mətbuat konfransında bildirilib.

Onlar qeyd ediblər ki, Ukraynaya dəstək verilmədən Avropanın təhlükəsizliyini təsəvvür etmək mümkün deyil.

Koştanın sözlərinə görə, hazırda Aİ-nin şərq cinahı ən ciddi təhlükə altındadır. Lakin aydındır ki, Avropanın təhlükəsizliyi qitənin bütün sərhədlərinin tam qorunması deməkdir.

"Ona görə də söhbət Avropa müdafiəsinin qurulmasında 360 dərəcəlik yanaşma konsepsiyasından gedir, bunun üçün bizə effektiv siyasi nəzarət və koordinasiya lazımdır", – deyə o bildirib.

Öz növbəsində, Danimarkanın Baş naziri bildirib ki, Ukraynaya təhlükəsizlik zəmanətlərindən danışmaq lazım deyil – bu gün Ukrayna Avropanın təhlükəsizliyinin zəmanətidir:

"Ukraynaya dəstəyimiz öz təhlükəsizliyimizə birbaşa investisiyadır. Buna görə də biz Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli maliyyələşdirilməsini təmin etməliyik. Siz Rusiyanın Ukraynaya gələcək hərbi təzminatlarının əvvəlcədən ödənilməsini nəzərdə tutan bir model təqdim etdiniz. Mən bu ideyanı qətiyyətlə dəstəkləyirəm".

Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Aİ-nin 2030-cu ilə qədərki yolu yalnız ümumi məqsədləri deyil, həm də onların əldə olunması üçün konkret mərhələləri müəyyən edəcək.

O, gələcək sənədin üç əsas müddəasını açıqlayıb. Birincisi, üzv dövlətlərin silahlı qüvvələrinin uyğunluğunun artırılması yolu ilə Aİ-nin hərbi imkanlarının gücləndirilməsidir. Bunun üçün müdafiədəki kritik boşluqları aradan qaldıracaq və zəruri potensialların sürətli inkişafını təmin edəcək "imkanlar koalisiyaları"nın yaradılması planlaşdırılır. İkincisi, hibrid təhdidlərin artdığı Avropanın şərq cinahının möhkəmləndirilməsi və üçüncüsü, hərbi strukturlarla birbaşa əməkdaşlıq üçün istehsalçılara imkanların yaradılmasıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti