Mask tarixdə sərvəti 500 milyard dollara çatan ilk insan olub
- 02 oktyabr, 2025
- 01:27

Amerikalı iş adamı İlon Mask sərvəti 500 milyard dollara çatan ilk insan olub.
"Report"un məlumatına görə, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Nəşr qeyd edib ki, ABŞ-nin şərq sahili vaxtı ilə saat 15:30-da (Bakı vaxtı ilə 1 oktyabr saat 23:30) "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri, "X" sosial şəbəkəsi və "Neuralink" neyrotexnoloji şirkətinin sahibinin sərvəti 500 milyard dollara çatıb. "Forbes"in hesablamalarına görə, Bakı vaxtı ilə 2 oktyabr saat 00:15-də Maskın sərvəti 500,5 milyard dollaradək artıb.
Jurnal Maskın sərvətinin artımını onun Amerika hökumətinin iş effektivliyinin artırılması üzrə idarəetmədən kənarlaşmaq və biznesi üzərində fokuslanmaq qərarı ilə izah edib.
Mask "Forbes" milyarderlər reytinqində birinci yerdədir. Ondan sonra "Oracle" texnologiya şirkətinin direktorlar şurasının sədri Larri Ellison (351,6 milyard dollar), "Meta" korporasiyasının həmtəsisçisi Mark Zukerberq (246,1 milyard dollar), "Amazon"un təsisçisi Ceff Bezos (233,2 milyard dollar) və "Google"un həmtəsisçisi Larri Peyc (204,6 milyard dollar) gəlir.
Əvvəlki rekord da Maska məxsusdur - keçən ilin dekabrında o, sərvəti 400 milyard dolları keçən ilk insan olmuşdu.