İssa Faye: "İslam iqtisadiyyatı sahəsi iki fundamental problemlə qarşı-qarşıyadır"

Maliyyə
  • 16 iyun, 2026
  • 16:46
İssa Faye: İslam iqtisadiyyatı sahəsi iki fundamental problemlə qarşı-qarşıyadır

Qlobal İslam iqtisadiyyatının ümumi həcminin 2030-cu ilədək 10 trilyon ABŞ dolları səviyyəsini aşacağı gözlənilir.

"Report" xəbər verir ki, bunu İslam İnkişaf Bankının (IsDB) Qlobal Təcrübələr və Tərəfdaşlıqlar üzrə baş direktoru İssa Faye Bakıda keçirilən IsDB Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində baş tutan "Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyat" tədbirində deyib.

Onun fikrincə, bu artım müsəlman əhalisinin çoxalması, həmçinin turizm, qida və içki sektoru, əyləncə və ailəvi istirahət kimi istiqamətlərdə genişlənən bazar ehtiyacları ilə stimullaşdırılır: "Hədəfimiz inteqrasiya olunmuş İslam maliyyəsi və halal sektor strategiyası yolu ilə qlobal İslam iqtisadiyyatının üzv dövlətlərin inkişafına daha əhəmiyyətli töhfə verməsini təmin etməkdir.

Ambisiyalarımızın miqyası ilə onların reallaşdırılması üçün zəruri olan bacarıqlar arasındakı fərqi aradan qaldırmaq bu gün bizi burada birləşdirən başlıca səbəblərdən biridir. İslam iqtisadiyyatı sahəsi illərdir iki fundamental problemlə qarşı-qarşıyadır. Birincisi, üzv ölkələrdə yüksək tələbin mövcudluğuna baxmayaraq, Şəriətə müvafiq innovativ iqtisadi həllərin işlənib hazırlanması qabiliyyətinə sahib İslam maliyyəsi və iqtisadiyyatı üzrə peşəkarların qıtlığıdır. İkincisi isə nəzəri biliklərin hökumət siyasətlərini dəstəkləyən praktik addımlara və islahat tədbirlərinə çevrilməsi prosesində yaranan çətinliklərlə əlaqədardır.

Bu problemlər qərarların qəbulunu ləngidır, siyasətin səmərəliliyini aşağı salır və ən vacibi, İslam maliyyəsi və iqtisadiyyatının üzv dövlətlər üçün real və nəticəyönlü həllər təklif etmək imkanlarını zəiflədir".