IsDB iştirakçı ölkələri qonşularla əməkdaşlığı gücləndirməyə çağırır
- 18 iyun, 2026
- 17:35
Yeniliklərdən dərhal xəbərdar olun!
İslam İnkişaf Bankı (IsDB) təşkilata üzv dövlətləri qonşu ölkələrlə qarşılıqlı əlaqələrin vacibliyinə inandırmağı qarşısına məqsəd qoyur.
"Report" xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı (IsDB) Qrupunun sədri Məhəmməd Əl-Casir Bakıda keçirilən IsDB-nin illik toplantıları çərçivəsində bildirib.
"Ölkələrin üstünlüklərinin bir-birini tamamlamasına və qarşılıqlı fayda əldə etməyə imkan verməsinə nail olmaq son dərəcə vacibdir. Əks halda mənfi enerji üstünlük təşkil etməyə başlayır və əlverişsiz nəticə olduqda tərəflər qarşılıqlı ittihamlara keçirlər. İqtisadi artım dözüm və diqqətlə düşünülmüş planlaşdırma tələb edir. Məhz buna görə də biz ölkələrin öz rəylərinə və qərarlarına əsaslanırıq, onların müəyyən etdikləri prioritetlərin vətəndaşlarına həqiqətən əhəmiyyətli fayda gətirəcəyinə əmin olaq", - M.Əl-Casir deyib.
O qeyd edib ki, IsDB-də çıxış nöqtəsi kimi məhz iştirakçı ölkələrin özlərinin gəldiyi nəticələr əsas götürülür.
"Biz onların əsas, prioritet tərəfdaşıyıq və belə qalmaq niyyətindəyik. Biz əvvəlcədən hazırlanmış şablonlarla gəlmirik. Biz onların hazırladıqları sənədləri və yanaşmaları əsas götürür, onları birgə müzakirə edir və topladığımız təcrübəni bölüşürük, çünki arxamızda çoxsaylı ölkələrdə fəaliyyət təcrübəsi dayanır. Biz bəzi regionlarda hansı yanaşmaların effektiv olduğunu, digərlərində isə hansıların istənilən nəticəni vermədiyini nümayiş etdiririk", - M.Əl-Casser əlavə edib.
Onun sözlərinə görə, dövlətlərə konkret layihələrə uyğunlaşdırılmış daha geniş alətlər dəsti lazımdır. "Məsələn, sukuk islam ənənələrinə əsaslanan əla bir yenilikdir. Bu alət real aktivlərlə təmin olunub ki, bu da həddindən artıq maliyyə rıçaqının tətbiqini istisna edir. Bunun sayəsində emitentlər yalnız nəzarət edilə bilən və həddindən artıq borc yükünə, deməli, həm də maliyyə çətinliklərinə gətirib çıxarmayan buraxılışlar edə bilərlər. Bundan əlavə, sukukun potensialını artıq həyata keçirilmiş layihələr hesabına genişləndirmək olar: onları satmaq və ya girov kimi istifadə etmək, bundan sonra isə əldə edilən vəsaiti yeni təşəbbüslərin maliyyələşdirilməsinə yönəltmək olar", - M.Əl-Casser bildirib.
M.Əl-Casirin fikrincə, islam maliyyələşdirilməsi alətləri bir sıra layihələrin maliyyə təminatını asanlaşdırır, çünki aktivlər şəklində təminata malik olan sukuk, bu aktivlər müqabilində qiymətli kağızlar buraxmaq və layihələrin həyata keçirilməsində və ya tikintisində daha da irəliləmək imkanı verir.
"Bundan başqa, onlar yığımlar üçün effektiv alət kimi çıxış edə bilərlər. Spesifik ehtiyaclar üçün hazırlanmış digər mexanizmlər də mövcuddur. Mən onu nəzərdə tuturam ki, şəriət normalarına cavab verən və eyni zamanda bazardakı müəyyən layihələr üçün optimal şəkildə uyğun gələn müxtəlif kateqoriyalı qiymətli kağızların yaradılması mümkündür", - deyə qrupun sədri əlavə edib.