İSB I rübdə 139 min manatdan çox kompensasiya ödəyib

Maliyyə
  • 01 may, 2026
  • 12:30
İSB I rübdə 139 min manatdan çox kompensasiya ödəyib

Bu ilin yanvar-mart aylarında İcbari Sığorta Bürosuna (İSB) kompensasiya ödənişləri ilə bağlı 73 müraciət daxil olub.

"Report" bu barədə İSB-yə istinadən xəbər verir.

Bu müraciətlər əsasında müxtəlif dərəcəli xəsarətlərə görə 66 750 manat, əmək qabiliyyətini tam və ya qismən itirməsinə (əlillik) səbəb olmuş xəsarətlərə görə 3 000 manat və ölüm ilə nəticələnmiş hadisələr üzrə 69 583 manat olmaqla, ümumilikdə 139 333 manat kompensasiya ödənişləri həyata keçirilib.

Kompensasiya ödənişi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs (sığortasız) tərəfindən və naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə üçüncü şəxsin sağlamlığına zərər vurulduqda, habelə sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə (iflas etmiş sığorta şirkəti) həyata keçirilir.