IMF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu ciddi dərəcədə yaxşılaşdırıb

Maliyyə
  • 14 aprel, 2026
  • 17:26
IMF Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu ciddi dərəcədə yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (IMF) 2026-cı ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 9,7 %-i, 2027-ci ildə isə 5,4 %-i səviyyəsində proqnozlaşdırır.

"Report"un IMF-nin "Dünya iqtisadiyyatının perspektivləri" adlı aprel hesabatına istinadən verdiyi məlumata görə, fevral qiymətləndirmələri ilə müqayisədə 2026-cı il üzrə proqnoz 7,6 faiz bəndi, 2027-ci il üzrə isə 5 faiz bəndi artırılıb.

Bununla yanaşı, IMF cari əməliyyatlar hesabı üzrə proqnozların əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasının səbəblərini açıqlamır.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ildə ölkənin cari əməliyyatlar hesabının profisiti ÜDM-in 4,6 %-ni təşkil edib.

Azərbaycan Mərkəzi Bankı cari və gələn illərdə tədiyə balansının cari əməliyyatlar hesabının profisitini illik 3 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırır.

Asiya İnkişaf Bankının proqnozlarına görə, 2026-cı ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti ÜDM-in 5,3 %-ni təşkil edəcək, növbəti ildə isə 3,5 %-ə qədər azalacaq.

Niderlandın aparıcı bank qrupu "ING Group" 2026-cı ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 6,5 %-i, 2027-ci ildə isə ÜDM-in 1,7 %-i səviyyəsində qiymətləndirir.

"Moody's" beynəlxalq reytinq agentliyi 2026-cı ildə cari əməliyyatlar hesabının profisitini ÜDM-in 5 %-i, gələn il üçün isə ÜDM-in 5,2 %-i səviyyəsində proqnozlaşdırır.