Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib – Yenilənib

Energetika
  • 22 oktyabr, 2026
  • 15:55
Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib – Yenilənib

Azərbaycan və Dünya Bankı arasında Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib.

"Report"un Energetika Nazirliyinə istinadən xəbər verir ki, Bakıda "Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru" Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə enerji təcrübəsi meneceri Stephanie Gil ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında energetika sahəsində əməkdaşlıq, o cümlədən AZURE layihəsi və "yaşıl enerji dəhliz"lərinin inkişafına texniki dəstək məsələləri nəzərdən keçirilib. Bərpa olunan enerji istehsalının genişləndirilməsi, elektrik şəbəkəsinin gücləndirilməsi və regional enerji bağlantılarının yaradılması istiqamətində əməkdaşlıq yüksək qiymətləndirilib.

Nazir Azərbaycanın tərəfdaş ölkələrlə müxtəlif formatlarda həyata keçirdiyi dörd enerji bağlantısı layihəsinin Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanın elektrik enerjisi sistemlərini əlaqələndirmək məqsədi daşıdığını bildirib. Bu təşəbbüslərin enerji təhlükəsizliyinin və milli enerji sistemlərinin dayanıqlılığının möhkəmləndirilməsi, sərhədlərarası elektrik enerjisi ticarətinin genişləndirilməsi və yeni investisiyaların cəlbi baxımından strateji əhəmiyyəti vurğulanıb. Mərkəzi Asiyanın zəngin günəş, külək və hidroenerji resurslarının Avropa bazarlarına çıxış imkanları ilə əlaqələndirilməsinin uzunmüddətli inkişaf perspektivləri yaratdığı qeyd olunub.

Müzakirələr zamanı "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" məsələsinə xüsusi diqqət yetirilib. Dünya Bankının bu prosesdə fəal iştirakının əhəmiyyəti vurğulanıb. Həmçinin Yaşıl Enerji Dəhlizinə fiber-optik bağlantının əlavə olunması ilə Xəzərdən Mərkəzi Avropaya uzanan enerji və rəqəmsal bağlantıların inkişaf perspektivləri nəzərdən keçirilib.

Bankın texniki dəstəyi çərçivəsində iştirakçı ölkələrdə tənzimləyici mühitin, elektrik enerjisinə tələb və təklifin, ölkələrarası ötürmə imkanlarının, biznes modelləri və maliyyələşdirmə variantlarının qiymətləndirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Görüşdə regional elektrik enerjisi bazarlarının inkişafı və qarşılıqlı enerji axınlarının yaradılması imkanları ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycan və Dünya Bankı arasında bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası (AZURE) layihəsi və "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlıq müzakirə edilib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, bu barədə müzakirələr Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə enerji təcrübəsi meneceri Stephanie Gil ilə aparılıb.

P. Şahbazov qeyd edib ki, bərpa olunan enerji istehsalının genişləndirilməsi, elektrik şəbəkəsinin gücləndirilməsi və regional enerji bağlantılarının yaradılması istiqamətində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.