Avropa İttifaqında etirazlar: qurumun barometri
- 22 oktyabr, 2026
- 16:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqına (Aİ) üzv və namizəd ölkələrdə etiraz aksiyaları davam edir. Bu sosial "zəlzələnin" episentri Fransadır. Bu ölkədə başlamış etirazlar hazırda Yunanıstan, İtaliya, Belçika, İspaniya, Portuqaliya, Albaniya, Almaniyanı da əhatə edir.
Fransada məktəblilər və tələbələrin müəllim çatışmazlığına və məktəblərin vəziyyətinə etirazla başlayan aksiyaya həmkarlar ittifaqları, fermerlər, iqlim fəalları və həkimlər qoşulublar. Tələblər yaşayış xərclərinin artması, qiymətlər və dövlət xidmətlərinin maliyyələşdirilməsi ilə bağlıdır. Aksiyalar dağıntı qarət və polislə toqquşmalarla müşayiət olunur.
Yunanıstanda tələbələr yüksək kirayə qiymətlərinə və yaşayış xərclərinin yaratdığı problemlərə diqqət çəkmək məqsədilə parlament binası önündəki Sintagma Meydanına simvolik olaraq çadır quraraq aksiya keçirib.
Tələbə və şagirdlər təhsilhaqqının azaldılması və onun artırılmasının dayandırılması, icarəhaqqına nəzarət və mənzil məsələlərində sosial dəstəyin gücləndirilməsi (yataqxanalarda yerlərin artırılması), tələbələrə güzəştlərinin artırılması, məktəb siniflərində şagird sayının 25–27 nəfərdən maksimum 15 nəfərə endirilməsi, məktəb infrastrukturunun vəziyyətinin yaxşılaşdırılması (binaların təmiri, təhlükəsizlik və kommunikasiya problemlərinin həlli, məsələn, qaz sızması ilə bağlı), məktəb yeməkxanalarında yüksək qiymətlərin azaldılmasını tələb edirlər.
İtaliyadakı genişmiqyaslı etiraz aksiyaları və tətillərin iştirakçıları Baş nazir Corci Meloninin hökumətinə yaşayış xərclərinin artması və sosial-iqtisadi siyasətlə bağlı bu kimi tələbləri irəli sürüb: ərzaq məhsullarının, benzinin və dizel yanacağının qiymətinin aşağı salınması, inflyasiya ilə mübarizə, əməkhaqqları və pensiyaların artırılması, həmçinin müvəqqəti məşğulluğun azaldılması, işçilər üzərindəki vergi yükünün azaldılması, həmçinin şirkətlərin həddindən artıq mənfəətlərinə, iri sərvətlərə və kapitaldan əldə edilən gəlirlərə daha yüksək vergilərin tətbiq edilməsi, dövlət sektorunun maliyyələşdirilməsinin genişləndirilməsi, xüsusilə səhiyyə və təhsil sahəsinə xərclərin artırılması, hərbi xərclərin azaldılması və s.
Belçika əhalisi də sosial xərclərin azaldılmasına, hökumət islahatlarına və alıcılıq qabiliyyətinin düşməsinə, təhsil xərclərinin artmasına, büdcə ixtisarlarına, təhsilə çıxışı çətinləşdirən islahatlara etiraz edir, habelə məktəb binalarının vəziyyətinin yaxşılaşdırılmasını və maliyyələşdirmənin artırılmasını istəyirlər. Bundan başqa, sərt qənaət tədbirlərinin ləğvi və ya yumşaldılması, qiymət artımına və ümumi həyat bahalığına qarşı tədbirlərin görülməsini tələb, həmkarlar ittifaqları və işçilər əmək bazarı islahatlarına, həmçinin pensiyalara, əməkhaqqlarına və sosial təminatlara təsir edən dəyişikliklərə qarşı çıxış edirlər. Aksiya iştirakçıları vətəndaşların əlçatan mənzillə təmin olunması və ictimai xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı tələblər irəli sürürlər.
İspaniya və Portuqaliyada da sosial-iqtisadi şəraitin pisləşməsi, inflyasiya, mənzil və yanacağın bahalaşmasına etiraz olaraq kütləvi nümayişlər və tətillər keçirilir.
Bu ölkələrdə yaşayış xərclərinin və inflyasiyanın vətəndaşların gəlirlərini qabaqlayan artımı, yanacağın, mənzilin və kommunal xidmətlərin bahalaşması, Avropa ölkələrinin vəsaitlərinin sosial sektora zərər verməklə müdafiə ehtiyaclarına və xarici siyasət xərclərinə yönləndirilməsinə dair tələblər irəli sürülür.
Son onillikdə icarə qiymətlərinin iki dəfə artması və minimum əməkhaqqının kirayə mənzilin dəyərindən xeyli geridə qalması da etiraz edilən məsələlərdəndir.
Almaniyada "Gen Z steht auf" ( Z nəsli daxil olur) hərəkatı oktyabrın 31-də gənclər və tələbələrin iştirakı ilə genişmiqyaslı aksiya keçirməyi planlaşdırır. Onların tələbləri təhsilin maliyyələşdirilməsi, sosial müdafiə, səhiyyə, əlçatan mənzil kimi sahələri əhatə edir. Hərəkat gənc nəslə etimadın, etibarın göstərilməsini, qərarların qəbulunda iştiraklarının təmin olunmasını, onlara gələcəyinə birbaşa təsir edən məsələlərdə real söz hüququnun verilməsi tələblərini irəli sürürlər.
Aİ-yə üzvlüyə namizəd Albaniyada da etirazçılar iqtisadi, sosial və siyasi tələblər irəli sürürlər. Bununla yanaşı, onlar hökumətin, Baş nazir Edi Ramanın istefası və hazırkı siyasi elitanın dəyişdirilməsini tələb edirlər. Tələbələr ali təhsil müəssisələrində şəraitin yaxşılaşdırılmasını, təhsilin keyfiyyətinin artırılması, ali təhsil müəssisələrində xərclərin azaldılmasını tələb etməklə yanaşı, onlara maliyyə yardımının artırılmasını da istəyirlər. Onlar ali məktəbləri bitirdikdən sonra iş üçün daha əlverişli imkanların yaradılması və gənclərin kütləvi şəkildə xaricə axınının qarşısının alınmasını, hakimiyyət strukturlarında korrupsiyanın kökünün kəsilməsini, Narta laqunu və Sazan adası ərazisində böyük dəbdəbəli kurort kompleksinin tikintisinin qarşısının alınması kimi tələblərlə çıxış edirlər.
Bu tələblər Avropa İttifaqı ölkələrində ortaq problemlərin olduğunu təsdiqləyir. Ona görə də aksiya iştirakçılarının tələbləri oxşardır. Əsas tələblər arasında təhsilə diqqət – təhsil xərclərinin azaldılması, keyfiyyətinin və şəraitinin yaxşılaşdırılması, əlçatan mənzil, əməkhaqqlarının artırılması, iş şəraitinin yaxşılaşdırlması, hərbi xərclərin azaldılması, yeni nəsildən olan beyin axınının qarşının alınması kimi sosial problemlərin olduğu da öz əksini tapır.
Təxminən altı ildən sonra yenidən Fransa başda olmaqla Avropanı bürümüş etiraz aksiyaları İttifaqda sosial-iqtisadi, təhsil kimi sahələrdə ciddi islahatlara ehtiyac olduğunu isbatlayır. Məlum olur ki, quruma daxil olan ölkələrdə sosial-iqtisadi və təhsil islahatlarının keçirilməsindən 30 ilə yaxın vaxt keçib. Bu proses İttifaq daxilində bir dəfəyə deyil, genişmiqyaslı uzunmüddətli strategiyalar çərçivəsində inkişaf etdirilib. Məsələn, Avropada ali təhsilin əsas islahatı olan vahid Avropa təhsil məkanını yaradan Boloniya prosesi 1999-cu ilin iyunda başlayıb. Yaxud İttifaqda sosial-iqtisadi məqsədlərini təhsilin modernləşdirilməsi ilə rəsmi şəkildə birləşdirən Lissabon strategiyası 2000-ci ilin martında qəbul olunub. Bunlarla yanaşı, 2025-ci ilə qədər Vahid Avropa Təhsil Məkanının yaradılması təşəbbüsünün planlı şəkildə başa çatmasından 1 il ötür.
Məlumatlara əsasən, Aİ-yə üzv ölkələr büdcə və sosial sahələrdə fasiləsiz islahatlar həyata keçirirlər. O zaman sual yaranır – hər il və fasiləsiz şəkildə islahatlar aparılırsa, o zaman 6 ildən sonra İttifaqda sosial-iqtisadi sahələr üzrə oxşar tələblərlə niyə yenidən etiraz aksiyaları keçirilir?
Yeri gəlmişkən, Fransada başlamış və bir ildən artıq davam etmiş "sarı jiletlər"in etiraz aksiyaları Belçika, Niderland, Almaniya, İspaniya, Böyük Britaniya, Portuqaliya, Macarıstan və Serbiyada da keçirilmişdi.
Diqqətçəkən başlıca tələblərdən biri hərbi xərclərin azaldılması və hərbçilərin başqa ölkələrin ərazilərində xidmət etməsidir. Halbuki ABŞ lideri Donald Tramp NATO-ya üzv ölkələrdən təhlükəsizliklə bağlı xərclərini ÜDM-in 5 faizinədək qaldırılmasını tələb edir. Belə bir şəraitdə bu təklifin sosial tələblər arasında səslənməsi Vaşinqtonun təzyiqlərinə cavab olaraq hakimiyyətin istəyinin nəzərə alınması kimi də qiymətləndirilə bilər. Ona görə bu aksiyalarda onların da payı yox deyil.
Başqa sözlə, etiraz aksiyalarını təkcə sosial xarakterli sifariş saymaq sadəlövhlük olardı. Belə qənaətə gəlmək olar ki, bu aksiyadan hakimiyyət və ölkədəki siyasi qüvvələr bir-birinə qarşı istifadə edirlər. Çünki etirazçıların irəli sürdükləri tələblər hakimiyyətlərin və ya hökumətlərin yürüdəcəkləri siyasi kurs üçün də təyinedici ola bilər.
Avropa İttifaqında mühacirlərlə bağlı qanunda islahat aparılır. Aİ Şurasının təsdiqlədiyi sənəd rəsmi olaraq 2026-cı ilin oktyabrında qüvvəyə minib. Reqlamentin bütün müddəalarının tam həcmdə 2027-ci ilin oktyabrına tətbiqi nəzərdə tutulub. Ancaq ən maraqlı məsələ budur ki, aksiyalarda mühacirlərə qarşı heç bir tələb irəli sürülməyib. Belə qənaətə gəlmək olar ki, Avropa İttifaqında miqrantlarla bağlı yerli-yersiz tələbləri hakimiyyətə bağlı qüvvələr irəli sürür. Bu, cəmiyyətlərin sosial sifarişi sayılmır. Hakimiyyət nümayəndələri ölkədəki bu sosial təbəqəni daim nəzarət altında saxlamaq, miqrasiya axınının qarşını almaq, yaxud müxtəlif məqsədlər üçün təzyiq aləti olaraq mühacirlərin məsələsini gündəliyə çıxarır. Bundan həm də ölkədəki çoxsaylı sosial problemlərdən diqqəti yayındırmaq məqsədilə istifadə olunur.
Aİ-nin bir sıra ölkələri, o cümlədən Fransa, İtaliya, Almaniya və başqaları miqrantların ölkəyə daxil olmasını sərtləşdirən, yaxud məhdudlaşdıran qanunlar qəbul ediblər.
Odur ki, bu etiraz aksiyaları Avropa İttifaqının mövcud şəraitdə sosial-iqtisadi, təhsil, müdafiə və başqa bu istiqamətli sahələrdə başlıca problemlərini bir daha ifşa etmək üçün fürsət yaradıb.
Qlobal və regional miqyasda problemlərin həllində zəiflik nümayiş etdirən, bir sıra hallarda isə heç görünməyən qurumun daxilində görüləsi, islahat aparası çoxsaylı problemlər var. Son günlər baş verən etiraz hərəkatları uzun illər ABŞ-yə arxayın olub işini yalnız seçkilər keçirməklə bitmiş hesab edən Avropa İttifaqı dövlətlərinin, bütövlükdə birliyin yenilənməyə, dəyişməyə ehtiyacı olduğunu bir daha təsdiqlədi. Çünki İttifaq 20-30 illik ənənəvi yanaşma, üsulla mövcudluğunu qorumaqda çətinlik çəkir. Ona görə də bəzən Aİ-nin bu aksiyalar nəticəsində dağılacağı belə iddia olunur. Ancaq bu qarşıdurmalar, münaqişələr ona güclənmək, yenidən qurulub, daha çevik təşkilata çevrilmək üçün əlavə şans, fürsət verir. Bu baxımdan, etiraz aksiyaları Avropa İttifaqının barometri də sayıla bilər.