"İdeal Kredit" BOKT 5 milyon manatlıq istiqraz buraxır

Maliyyə
  • 18 noyabr, 2026
  • 15:05
İdeal Kredit BOKT 5 milyon manatlıq istiqraz buraxır

"İdeal Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 5 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, "İdeal Kredit" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır. BOKT-un təsisçiləri 50 % payla Qubad Qubadov (direktor) və 50 % payla Eldar Hüseynovdur.