Almaniya XİN: Azərbaycan şirkətləri ilə birgə investisiyalar üçün potensiala malikik
- 18 noyabr, 2026
- 15:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya və Azərbaycan şirkətləri xüsusən də enerji sektorunda, o cümlədən "yaşıl hidrogen" istehsalı və bərpa olunan enerji mənbələrinin inkişafı sahələrində birgə investisiyalar üçün əhəmiyyətli potensiala malikdirlər.
"Report" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nazir Yohan Vadefulun Bakıya səfərinin yekunlarına dair sosial şəbəkələrdəki məlumatında bildirilib.
Qeyd edilib ki, səfər zamanı Vadeful Azərbaycan Prezidenti İlham Əliyev və XİN rəhbəri Ceyhun Bayramovla danışıqlar aparıb. Tərəflər siyasi, iqtisadi, müdafiə, mədəniyyət və elm sahələrində əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş ümumi strateji gündəliyi müzakirə ediblər.
Almaniyanın xarici siyasət idarəsindən vurğulanıb ki, Azərbaycan artıq Almaniyanın Cənubi Qafqazda mühüm və etibarlı ticarət tərəfdaşıdır. Almaniya şirkətləri ölkəyə avtomobillər, avadanlıqlar və kimya məhsulları ixrac edirlər.
"Öz növbəsində, Avropa üçün Azərbaycan ən mühüm neft tədarükçülərindən biridir və Aİ-nin qaz idxalına olan tələbatının getdikcə artan hissəsini təmin edir. Bu, ayrı-ayrı ölkələrdən asılılığı azaltmağa imkan verərək Aİ-nin enerji balansına mühüm töhfə verir. Almaniya və Azərbaycan şirkətlərinin də enerji sektoruna, məsələn, "yaşıl hidrogen" istehsalına və bərpa olunan enerji mənbələrinə birgə investisiyalar yatırmaq üçün əhəmiyyətli potensialı var", - məlumatda bildirilib.
Bildirilib ki, dinlərarası dialoq və müxtəlif konfessiyaların nümayəndələrinə göstərilən tolerantlıq Azərbaycanın fərqləndirici xüsusiyyətidir. Bakıda aşkenazi və gürcü sinaqoqlarını ziyarəti zamanı Yohan Vadeful yəhudi, xristian və müsəlman icmalarının nümayəndələri ilə görüşüb.
Bakıya səfərini başa vurduqdan sonra Yohan Vadeful İrəvana yola düşüb. Almaniya XİN-dən qeyd edilib ki, onilliklər boyu davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan sülh yolu ilə nizamlanma prosesindədirlər və Berlin bunu dəstəkləyir.
Nazirlikdən bildirilib ki, beynəlxalq qeyri-sabitlik şəraitində münaqişələrin nizamlanması digər regionlar üçün nümunə ola və onların hüdudlarından kənarda da sabitliyin möhkəmlənməsinə kömək edə bilər.